Ukrayna Rusiyanı ATACMS və “Storm Shadow” ilə vurdu: Kreml nüvə silahına əl atacaq? - Ekspert Rəyi

Təhlil

21.11.2024 12:58

“Düşünmürəm ki, Ukraynanın ATACMS və ya “Storm Shadow” raketlərindən istifadə etməsi Kremli nüvə silahına əl atmağa vadar etsin”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada hərbi ekspert Ədalət Verdiyev bildirib. 

Onun sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə etməsi o zaman mümkün ola bilər ki, rəsmi Moskva ən azı 2014-cü ildə işğal etdiyi ərazilərə qədər geri çəkilsin: 

“Əgər bu baş verməyibsə, Ukraynanın bir neçə raketlə Rusiyaya zərbələr endirməsi Kiyevə elə də ciddi dividentlər gətirməyəcək. Əksinə Rusiya da əlində olan silahlarla Ukraynanın əvvəllər zərbəyə məruz qalmayan ərazilərinə hücumlar edəcək. Bu isə yalnız eskalasiyanın genişlənməsinə gətirib çıxaracaq”. 

Ekspert iddia edib ki, Ukraynaya verilən silahların məhdud miqyasda olduğuna dair müəyyən şübhələr mövcuddur. Belə ki, əvvəllər də Qərb ölkələri, o cümlədən ABŞ və Fransa Ukraynaya çox sayda silahlar vəd etsələr də, onların sadəcə yarısının Kiyevə çatdırıldığı müşahidə edilib. Bu da öz növbəsində bir sıra problemlərə yol açıb: 

“Hazırda Ukrayna həm maliyyə, həm də silah-sursat təchizatı baxımından heç də ürəkaçan vəziyyətdə deyil. Real döyüş əməliyyatlarında da üstünlük Rusiya tərəfindədir. Çünki son aylarda həm Kursk, həm də Donetsk və Luqansk istiqamətlərində mühüm uğurlar əldə edib, yeni əraziləri nəzarətə götürüb”.

Qeyd edək ki, noyabrın 20-də Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Britaniyanın “Storm Shadow” raketlərini Rusiyanın dərinliklərinə buraxıb. Bundan əvvəl də Ukrayna Rusiyanın Bryansk vilayətinə uzaqmənzilli ATACMS raketi ilə ilk hücumunu həyata keçirib.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, Kiyev, ATACMS, Silah, Raket,Storm Shadow, todaypress.az,

photo