Ukrayna Rusiyanı 2014-cü ildəki mövqelərə qaytaracaq? – ŞƏRH
“ABŞ düşünür ki, Ukrayna tərəfindən Krımın Rusiya ərazisi olaraq tanınması Rusiyanı hansısa ərazilərdə güzəştə getməyə məcbur edə bilər”.
Politoloq Rəşad Bayramov bunu TodayPress-ə danışarkən deyib.
O xatırladıb ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıda bilməyəcəyi dəfələrlə həm ABŞ-nin dövlət katibi Marko Rubio, həm vitse-prezidenti Ceyms Devid Vens, həm də prezident Donald Tramp tərəfindən səsləndirilib:
“Başqa sözlə desək, Tramp və onun komandası davamlı şəkildə bu səpkili bəyanatlar verməklə Ukraynanı Krımı Rusiya ərazisi olaraq tanımağa sövq etmək istəyirlər. Ağ Ev düşünür ki, Ukrayna tərəfindən Krımın Rusiya ərazisi olaraq tanınması Rusiyanı hansısa ərazilərdə güzəştə getməyə məcbur edə bilər. Düzdür, Rusiya qəti şəkildə təkcə Krım yox, eləcə də Donetsk, Luqansk və digər ərazilər üzərində də Rusiyanın nəzarətinin tanınmasını istəyir və bunu sülh üçün şərt olaraq irəli sürür. ABŞ isə ən azından Krımın Rusiya ərazisi olaraq tanınması ilə iki tərəf arasında danışıqlara başlanılmasını təklif edir”.
Ekspert bildirib ki, bu istiqamətdə ABŞ tərəfindən Ukraynaya olan təzyiqlərin davam edəcəyi şübhəsizdir:
“Çünki rəsmi Vaşinqton artıq istədiyini böyük ölçüdə əldə edib və Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişi imzalayıb. İndi həmin sazişin işləməsi və ABŞ-nin gəlir götürə bilməsi üçün müharibənin dayandırılması lazımdır. Əks halda heç bir investor və iri şirkət müharibə davam edən, hər gün bombalanan ərazilərə sərmayə yatırmaz. Bu baxımdan Ağ Evin təzyiqləri davam etdirəcəyinə şübhə yoxdur”.
R. Bayramov həmçinin əlavə edib ki, Avropa İttifaqı və Böyük Britaniya isə Ukraynanın Krımı Rusiya ərazisi kimi tanımamasına dəstək verir, çünki indiki şərtlər daxilində müharibənin dayandırılmasını istəmir:
“Belə ki, ABŞ imzalanan sazişlə öz maraqlarını təmin etmiş olsa da, Avropa hələ ki, istədiyinə nail olmayıb və Ukraynanın təbii sərvətlərinə çıxış imkanı əldə etməyib. Əgər belə imkanları əldə etsə, böyük ehtimalla onlar da Ukraynanı hansısa güzəştlərə getməyə məcbur edəcəklər. Başqa sözlə desək, indi böyük gücləri maraqlandıran Ukraynanın aqibəti yox, öz maraqlarının hansı səviyyədə təmin olunub-olunmamasıdır”.
Analitikin qənaətincə, bu maraqlar Ukraynaya dəstəyi davam etdirməyi şərtləndirəcəksə, dəstək davam edəcək, yox, əgər maraqlar Ukraynanın tez bir zamanda güzəştə getməsini tələb edəcəksə, o zaman Ukraynaya təzyiqlər daha da artırılacaq.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Ukraynanın Rusiyanı 2014-cü ildə olduğu mövqelərə qaytara bilməyəcəyini bildirib.
Qiymət Mahir
tag: ABŞ ,Ukrayna,Krım,Rusiya ,Avropa İttifaqı ,todaypress.az,
