“Ukrayna qlobal savaşda ABŞ-nin alətidir” - Rusiya Qərbin sülh oyununda iştirak edəcək? - Politoloq açıqlaması

Təhlil

14.09.2024 14:30

“Hazırkı məqamda Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması mümkün deyil. Bununla bağlı istənilən cəhd nəticə verməyəcək. Çünki Rusiya tərəfi Ukrayna hakimiyyətini legitim saymır. Nə qədər ki, Putin Rusiyada, Zelenski isə Ukraynada hakimiyyətdədir, sülhün əldə olunması da bir o qədər qeyri-mümkündür”.

Bu sözləri TodayPress-ə verdiyi açıqlamada politoloq Əli Zülfüqaroğlu deyib. O, Rusiyanın Ukrayna üzrə ikinci sammitdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib:

“Qərbin təşəbbüsü ilə yaradılan müəyyən platformalar, danışıqlar prosesi sülhün əldə edilməsinə yönəldilməyib. ABŞ-də keçiriləcək prezident seçkilərindən qabaq hökumət xalqa sülhlə bağlı işlər görüldüyünü sübut etməyə çalışır. Beləliklə seçki öncəsi divident əldə edəcəklərini düşünürlər. Ona görə də, Rusiyanın bu sammitdə iştirak etməsi real görünmür. Rəsmi Moskva iştirak etsə belə, sülhə doğru heç bir ciddi addım atılmayacaq”.

Politoloqun sözlərinə görə, Birləşmiş Ştatlar iki dövlət arasında sülhün əldə olunmasını istəmir. Məqsəd isə qlobal savaşı davam etdirmək və burada Ukraynanı alət kimi istifadə etməkdir:

“Nə vaxt ki, Ukrayna tərəfi Rusiya ilə sülh danışıqları aparmaqla bağlı fikir səsləndirir, o zaman ABŞ dövriyyəyə girir və Kiyevə silah yardımı edir. Ağ Ev Rusiyanı dolayı yolla zəiflədib, Qərbə qarşı formalaşdırılan yeni güc mərkəzlərinin, praktiki mexanizmlərin hazırlanmasını əngəlləmək istəyir. Plan isə bəllidir: Rusiya iqtisadi cəhətdən zəifləyəcək, cəmiyyət arasında xaoitik vəziyyət yaranacaq. Nəticədə Rusiya hakimiyyəti dəyişəcək və Qərb məsələyə əl atıb öz istədiyi kimi hökuməti formalaşdıracaq”. 

Analitikin qənaətincə, Tramp hakimiyyətə gələnə qədər müharibə davam edəcək.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, Müharibə, Tramp, Qərb ,todaypress.az,

photo