Ukrayna atəşkəsi seçdi: Rusiyanın CAVABI necə olacaq? – TƏHLİL
“Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ nümayəndə heyəti ilə Ukrayna arasında aparılan danışıqlarda əldə olunan nəticə Ukrayna tərəfinə asan başa gəlmədi. Razılığın əldə olunması ABŞ prezidenti Donald Trampın ağır tənələrindən keçdi”.
Politoloq Əlimusa İbrahimov bunu TodayPress-ə danışarkən deyib.
O, hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna xalqı atəşkəsdən sonra nələrin baş verə biləcəyindən xəbərsiz olaraq onu qəbul etməyə məcbur olublar, çünki başqa çıxış yolları olmayıb:
“Ortada Ukraynanın tamamilə Rusiyanın əlinə keçməsi məsələsi var idi. Ukrayna iki pis variantdan yaxşısını seçdi və atəşkəsə razılığını verdi. Amerika tərəfindən danışıqlarda iştirak edən yüksək rütbəli nümayəndələr indi “topun Rusiya tərəfində” olduğunu bildirirlər. Rusiyanın Ukrayna ilə əldə olunmuş 30 günlük atəşkəs razılaşmasına hansı reaksiya veriləcəyi isə maraqla gözlənilir”.
Analitik qeyd edib ki, bu mövzuda Rusiya tərəfindən verilən ilk bəyanatlar müsbət istiqamətdədir. Kremlin rəsmi mövqeyi elan olunmadan siyasətçilər Rusiya prezidenti Vladimir Putinin 30 günlük atəşkəs təklifini qəbul edə biləcəyini bildirirlər.
“Əgər sülh danışıqları masasında şərtləri Rusiya diktə edirsə, niyə də atəşkəs təklifini qəbul etməsin? Axı real razılaşmalar cəbhə xəttində yazılır və ABŞ konsepsiyadan çıxış edir. Digər tərəfdən, Rusiya atəşkəsi qəbul etmədiyi təqdirdə onu nəyin gözlədiyi barədə artıq məlumatlandırılıb”.
Ə. İbrahimov Rusiyanın Amerikanın Ukraynada atəşkəs və münaqişənin həlli ilə bağlı şərtlərini qəbul etməməsinin yeni anti-Rusiya sanksiyalarına səbəb ola biləcəyini istisna etməyib:
“Hətta amerikalı siyasi analitik, “Campaign Insider” Teleqram kanalının müəllifi Pavel Dubravski bu barədə “Lenta.ru”ya müsahibəsində məlumat verib:
“O, Rusiyanın ABŞ-nin şərtlərini qəbul etməməsinin nəticələrini açıqlayıb. Bildirib ki, ABŞ rəsmi Moskvaya sanksiyalarla təzyiq göstərəcək. Bura bank sektorundakı sanksiyalar, eləcə də, digər ölkələr üçün ikinci dərəcəli sanksiyalar aid edilə bilər”.
Politoloq Ukraynanın yenidən, daha güclü şəkildə silahlandırılacağını da bu tədbirlər sırasına əlavə edib.
“Beləliklə hazırkı vəziyyətdə dilemma qarşısında qalan təkcə Ukrayna deyil, həm də Rusiyadır” deyə Ə. İbrahimov fikrini sonlandırıb.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib.
Görüşün yekununda Ukrayna ABŞ-nin 30 gün müddətinə müvəqqəti atəşkəs təklifini qəbul edib. Rusiya tərəfi hələ ki, məsələyə münasibət bildirməyib.
Qiymət Mahir
tag: Əlimusa İbrahimov,Politoloq,Rusiya,Ukrayna,Danışıqlar,Sülh,Atəşkəs,Şərh,Açıqlama,Todaypress.az,
