Üçtərəfli dialoqdan qaçan Ermənistan odla su arasında: Rəsmi İrəvanın seçimi nə olacaq? - ŞƏRH

Təhlil

25.03.2025 18:45

2378

“Hazırda Ermənistan hakimiyyəti ciddi tərəddüd içərisindədir. Paşinyan administrasiyası bir tərəfdən korlanmış Rusiya münasibətlərini bərpa etmək üçün manevrlər etməyə çalışır, digər tərəfdən də Kremllə məsafəni saxlamağa üstünlük verir”. 

Bunu TodayPress-ə açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib. 

Onun sözlərinə görə, hazırkı vəziyyətin yaranmasının əsas səbəbi Ermənistanın Qərbdən gözlədiyi dəstəyi hələ də ala bilməməsidir: 

“Bu səbəbdən rəsmi İrəvan Qərbdən dəstəyi tamamilə itirməkdən çəkinərək, Moskva ilə münasibətləri yumşaltmaq üçün ehtiyat variant kimi addımlar atır. Son dövrdə həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm də parlamentin sədri Alen Simonyanın çıxışlarında Rusiyaya yönəlik müsbət mesajlar nəzərə çarpır. Xüsusilə Alen Simonyanın Ermənistanın yaşadığı bütün neqativ və pozitiv hadisələrdə Rusiyanın rolunu axtarma vərdişindən əl çəkməyin vacibliyini deməsi açıq-aşkar Kremllə münasibətləri normallaşdırmaq niyyətini göstərir”. 

E. Xalidbəyli əlavə edib ki, Ermənistan rəhbərliyi həm də Qərbə xəbərdarlıq xarakterli mesajlar göndərir: 

“İrəvan açıq şəkildə bildirir ki, Qərbin Ermənistana dəstəyi zəifləyərsə, Ermənistan yenidən Rusiyanın təsir dairəsinə qayıtmaq məcburiyyətində qala bilər. Ona görə də Ermənistan Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli dialoquna qayıtmaq istəmir. Çünki hesab edir ki, həmin format ABŞ və Avropa Birliyinin Ermənistanla münasibətlərini kəskin şəkildə pisləşdirə bilər”. 

Ekspert hesab edir ki, Ermənistanın belə iki tərəfli oyun siyasəti perspektivsizdir və artıq rəsmi İrəvan bunun nəticələri ilə üz-üzədir: 

“Ermənistanın atdığı addımların perspektivsiz olacağı əvvəldən məlum idi. İndi Paşinyan hakimiyyəti öz yanlış siyasətinin nəticələri ilə qarşı-qarşıyadır. Yaxın gələcəkdə Ermənistan üçün vəziyyət daha da mürəkkəbləşəcək. Belə davam edərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq Ermənistan üçün yeganə real çıxış yolu olacaq. Sülh sazişi üzrə danışıqların yekunlaşması göstərir ki, Ermənistan artıq Azərbaycanla münasibətləri normallaşdırmağın zəruriliyini qəbul edib. Türkiyə ilə də münasibətlərin yaxşılaşdırılması Ermənistan üçün strateji əhəmiyyət kəsb edir”. 

Analitikə görə, hazırda Ermənistanın qarşısında duran əsas məsələ Rusiyadan, yoxsa Qərbdən yana seçim etməsi ilə bağlıdır: 

“İrəvanın gələcəyi bu seçimdən ciddi şəkildə asılıdır. İstəsə də, istəməsə də Ermənistan Azərbaycan və Türkiyə faktorunu qəbul etmək məcburiyyətində qalacaq”. 

Qeyd edək ki, Ermənistan Parlamentinin sədri Alen Simonyan Ermənistanın kommunikasiyaların açılması üçün Rusiya və Azərbaycanla üçtərəfli formata qayıtmaq niyyətində olmadığını bəyan edib.   

Qiymət Mahir

tag: Ermənistan,Simonyan,Açıqlama,Elçin Xalidbəyli,Şərh,Politoloq,Rusiya,Todaypress.az,

photo