Türkiyəsiz Ermənistan: “İrəvan qarşıya qoyulan tələbləri yerinə yetirməlidir” - Deputat

Təhlil

14.03.2025 18:37

1402

“Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması rəsmi İrəvan üçün həyati əhəmiyyət kəsb edir. Kim münasibətlərin yaxşılaşmasına etiraz edirsə, elə onların özləri də dərk edirlər ki, Türkiyəsiz Ermənistanın ayaqda durması mümkün deyil”. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress-ə danışarkən deyib.

O bildirib ki, Türkiyə Ermənistanla sərhədlərinin açılmasına tələsmir, çünki Türkiyə rəsmiləri dəfələrlə bəyan edib ki, hər şey Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasından asılıdır:

“Nəticə etibarilə Ermənistan qarşıya qoyulan tələbləri yerinə yetirməlidir. Ən radikal mövqedə olanlar və türkəfobiyanı həyatının məqsədinə çevirənlər belə Türkiyəsiz Ermənistanın yaşamasının mümkün olmadığını dərk edirlər. Bu, həddindən artıq siyasiləşdirilmiş fikirdir. Doğrudur, ictimai rəydə əzəldən türkəfobiya var, lakin bütün hallarda hər kəs dərk edir ki, Türkiyəsiz heç bir region ölkəsinin, o cümlədən Ermənistanın inkişafı və gələcək perspektivləri mümkün deyil”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə mediasına müsahibəsində qeyd edib ki, tərəflər arasında normallaşma prosesi daha üç ay, altı ay və ya bir il gecikə bilər: 

“Fikrimcə, bu, yalnız zaman məsələsidir və səbrli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır”.

Qiymət Mahir

tag: Türkiyə,Ermənistan,Nikol Paşinyan,Deputat,todaypress.az,

photo