Türkiyədən Zəngəzur dəhlizinə dəstək: “Ermənistan bir daha önəmli layihədən kənarda qaldı" - RƏY

Təhlil

07.03.2025 17:36

2455

"İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması Naxçıvanın başqa ölkələrdən enerji aslılığını tam aradan qaldıracaq və enerji təhlükəsizliyini təmin edəcək. Ermənistan isə yenə də bu kimi önəmli regional layihədən kənarda qaldı".   

TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev öz "Facebook" sosial şəbəkə hesabında yazıb. 

O, martın 5-də Prezident İlham Əliyevin Ankaraya səfəri çərçivəsində Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla görüşünə diqqət çəkib. Bildirib ki, görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından, xüsusilə dünyada tarixi proseslərin baş verdiyi məqamda mühüm əhəmiyyət kəsb edir. 

"Ankarada hər iki lider Türk dünyasının real qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün Azərbaycan ilə Türkiyə arasındakı birlik və müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu bir daha vurğuladılar. Yəni istənilən məsələdə Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır və bu iki dövlət biri-birinə hər cür dəstək vermək əzmindədir mesajı verdilər". 

Parlamentarinin qənaətincə, bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə Azərbaycanın Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda sülh yaratma missiyasını dəstəkləyir.  A.Quliyev Türkiyənin rolunu həm də Türk Dövlətləri Təşkilatı kontekstində dəyərləndirib:

"O da həqiqətdir ki, bu gün Yaxın Şərqin və Avropanın təhlükəsizliyinin təmin olunması, Ukraynada ədalətli və qalıcı sülhə nail olunması Türkiyənin iştirakı və töhfəsi olmadan mümkün deyil. Bu isə təkcə Türkiyə üçün deyil, həm də Azərbayan və bütövlükdə Türk Dövlətləri Təşkilatı üçün də yeni imkanlar deməkdir. Hazırda biz dünyada yaşanan çox ciddi tarixi dəyişikliyə və geosiyasi proseslərə şahidlik edirik".

Qeyd edək ki, martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edib və Ankarada Prezident Ərdoğanla ikitərəfli görüş keçirib. İki ölkə başçısı İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər.

Töhfə Səməd

tag: Deputat,Azay Quliyev,Türkiyə,Zəngəzur ,Dəhliz, Ermənistan, Qərb,todaypress.az,

photo