Türkiyə növbəti suriyalı köç karvanı ilə qarşı-qarşıya - Politoloqdan İLGİNC İDDİA
Təhlil
12.12.2024 09:32
“Suriyada təxminən 13 ildir ki, davam edən vətəndaş müharibəsi başa çatdı. Düzdür, Bəşər Əsəd ölkəni tərk etdi, lakin bununla belə, Suriyadakı mövcud vəziyyət hələ də sual altındadır. Ona görə də müəyyən müddət gözləmək lazımdır”.
Bunu TodayPress-ə verdiyi açıqlamada türkiyəli politoloq Aydın Sezer deyib.
Onun sözlərinə görə, Əsədin gedişi ilə demokratiya avtomatik olaraq ölkəyə gəlmir. Suriyada yeni hökumətin druzların, ələvilərin, türkmənlərin, asurilərin, ermənilərin, xüsusilə də qeyri-müsəlman azlıqların həyatını təmin edə bilib-bilməyəcəyi də bəlli deyil. Politoloq əmindir ki, Suriyanın qədəm qoyduğu yeni dövrdə ölkədə xaos hökm sürəcək.
Analitik suriyalıların Türkiyəni tərk edib öz evlərinə qayıtması məsələsində pessimist düşündüyünü deyib:
“Liviya və ya İraq nümunəsinə baxsaq, Qəddafi və Səddam gedəndən sonra ölkədə sülh hökm sürmədi. İndi Suriyada da həmçinin, birdən-birə hər şeyin 180 dərəcə yaxşılaşmasını gözləmək sadəlövhlük olar. Bundan başqa, hazırda Türkiyədə yaşayan və Suriyaya qayıdan qaçqınların əhəmiyyətli bir hissəsini kişilər təşkil edir.
Onlar yəqin ki, ya vətəndaş müharibəsinə qatılacaqlar, ya da öz evlərinə, mülklərinə və iş yerlərinə baxış keçirəcəklər. Lakin qayıdanlar arasında qadın və ya uşaqları görmək qeyri-mümkündür. Ona görə də hazırda bu məsələyə dəqiq münasibət bildirmək çox çətindir”.
Aydın Sezer qeyd edib ki, ölkəyə sabitliyin və demokratiyanın gəlməsi üçün çox vaxt lazımdır. Hazırda Suriyada müvəqqəti administrasiyanın əsas hədəfi sadəcə xalqın iqtisadi vəziyyətinin möhkəmlənməsinə yönəlib.
“Türkiyə üçün vəziyyət indi daha mürəkkəbdir. PKK ilə mövcud problemlər və terror təhlükəsi səbəbindən Türkiyə Fəratın şərqindəki proseslərə daha həssas yanaşır və olduqca narahatdır. Üstəlik, bildiyiniz kimi, onlar hazırda birbaşa ABŞ-nin himayəsindədirlər, Fəratın şərqində Amerika qüvvələri var. Buna görə, Türkiyəni də qarışıq və xaoslu günlər gözləyir” deyə o, nitqini sonlandırıb.
Qeyd edək ki, Türkiyə Statistika Qrumu (TÜİK) tərəfindən verilən məlumatlara əsasən, hazırda Türkiyədə 5 milyona yaxın suriyalı var. Onların ən çox məskunlaşdıqları şəhər isə İstanbuldur – 529 min 944 nəfər. Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, yurdlarını tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq ölkələrinə qayıda bilər.
Töhfə Səməd
tag: Türkiyə ,Qrum, Statistika, Suriya, Aydın Sezer, todaypress.az,