Türkiyə Nazirlər Kabinetinin iclasında nələr müzakirə olunub? – AÇIQLAMA
“Nazirlər Kabinetinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında Kipr məsələsi ilə bağlı ciddi müzakirələrin olduğu ehtimal edilir”.
Politoloq Aytən Qurbanova bunu TodayPress-ə danışarkən deyib.
O diqqətə çatdırıb ki, Türk dövlətlərinin (Qazaxıstan, Özbəkistan və Türkmənistan) Cənubi Kiprdə diplomatik nümayəndəlik açmaqla bağlı qərarı təbii olaraq Türkiyə tərəfindən ciddi narahatlıqla qarşılansa da, bu məsələ ilə bağlı bu günə qədər birmənalı şəkildə rəsmi münasibət bildirilməyib:
“Ona görə də, bu iclasın nəticələri xüsusi maraqla gözlənilir. Düşünürəm ki, cənab Ərdoğanın Şimali Kipr Türk Cumhuriyyətinə planlaşdırılan səfəri də məhz bu istiqamətdə mühüm əhəmiyyətə malikdir. Hətta yaxın müddətdə Şimali Kiprin müstəqilliyinin beynəlxalq aləmdə tanınması ilə bağlı önəmli qərarların qəbul edilməsi təşəbbüsü də gözlənilə bilər. Digər tərəfdən isə iclasdan sonra qəbul ediləcək qərarlara uyğun olaraq Türkiyənin nümayiş etdirəcəyi mövqe Türk dövlətlərinin Cənubi Kipr ilə bağlı atdığı addımlara münasibətdə həlledici təsirlərə malik ola bilər”.
Qeyd edək ki, aprelin 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Məlumata görə, iclas iki saat yarım davam edib və görüşdən sonra heç bir açıqlama verilməyib. Nazirlər Kabinetinin gündəmində Kipr adasındakı hadisələrin olduğu ehtimal edilir.
Eyni zamanda hazırda Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması təşəbbüsləri də gündəmdədir. Prezident Ərdoğanın isə həftəsonu adaya səfəri gözlənilir.
Qiymət Mahir
tag: Aytən Qurbanova,Politoloq,Türkiyə,İclas,Todaypress.az,
