Türkiyə NATO-dan çıxır? - Alyans ən güclü müttəfiqini itirir - ŞƏRH

Təhlil

02.08.2024 15:00

“Türkiyə-İsrail münasibətlərindəki gərginlik Türkiyə-NATO münasibətlərində həlledici amil ola bilməz”.

Bunu politoloq Aytən Qurbanova TodayPress-ə açıqlamasında deyib.  

Onun sözlərinə görə, Türkiyə İsrail münasibətləri 2009-cu ildəki “Davos” (İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu) görüşündən bugünə qədər Fələstin məsələsinə olan fərqli yanaşmalara görə kifayət qədər eniş və çıxışlarla müşayiət olunub, bugünkü mənzərə heç də təəccüb yaratmır: 

“Amma ABŞ-nin İsrailin əsas strateji müttəfiqi olmasını da unutmamalıyıq. Şimali Atlantika Alyansının aparıcı qüvvəsi olması faktını nəzərdən keçirdikdə, mövcud şəraitdə Türkiyənin İsrailə qarşı atdığı istənilən addım onun qlobal sistemdəki mövqeyinə təsirsiz ötüşməyəcək”. 

Politoloq hesab edir ki, xüsusilə də, noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələri bu məsələdə önəmli təsir imkanına sahib ola bilər. Eyni zamanda Amerikanın mövqeyi münasibətləri başqa məcraya çəkə bilər. Aytən Qurbanovanın fikrincə, bütün bunlara baxmayaraq, Türkiyənin NATO-dan tamamilə üz çevirməsi üçün hazırda ciddi əsaslar yoxdur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa müraciətində, Qəzza problemi həll olunana qədər Türkiyənin NATO-nun İsraillə əməkdaşlığını dəstəkləməyəcəyini bildirib. 

Günəş Mərd

tag: Türkiyə, NATO, Prezident, Rəcəb Tayyib Ərdoğan, Amerika, Aytən Qurbanova, todaypress.az,

photo