Türkiyə lideri ilə görüş Paşinyanın milli şüuruna necə təsir edəcək? - ŞƏRH
Təhlil
25.09.2024 14:23
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bir çox gerçəkləri ona çatdırıb”.
Politoloq Natiq Miri bunu Ərdoğan-Paşinyan görüşünü TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə Türkiyə lideri görüş kontekstində Paşinyana Qərbə uyub bəzi xülyalara inanmamağı tövsiyə edib:
“Bu gün regionda sülhü istəməyən Ermənistan rəhbərliyini müxtəlif xəyallara, eyni zamanda, xoşagəlməz yönlərə təhrik etmək istəyən qüvvələr var. Bunların başında da Fransa durur. Eyni zamanda ABŞ-nin son zamanlardakı davranışları da göstərir ki, bu məsələ də Azərbaycan əleyhinə hansısa olan niyyətləri var. Sülhün alternativi növbəti hərbi toqquşma, müharibə deməkdir. Növbəti müharibə olacağı təqdirdə isə bu gün Ermənistanı müharibəyə təhrik edən ölkələr onun yanında durmayacaq. Heç bir zaman fransız və ya ABŞ əsgəri regiona gəlib Azərbaycan əsgərinə qarşı döyüşməyəcək. Üstəlik müharibənin ən qızğın dönəmində belə hətta Ermənistana lazım olan bütün strateji silahların verilməsi də dayandırılacaq. Ona görə də düşünürəm ki, Ərdoğan bütün bunları Paşinyana başa salıb”.
Analitik vurğulayıb ki, bu görüşün Nikol Paşinyanın milli şüuruna da təsiri olacaq:
“Çünki yaxın günlərdə Paşinyan belə bir ifadə işlətdi ki, bu gün Ermənistanın təhlükəsizliyini heç bir güc mərkəzi təmin edə bilməz. Bunu təmin edə biləcək bir ölkə varsa, o da Ermənistanın özü və onunla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ola bilər. O, etiraf edir ki, hazırda regionda sülhdən başqa alternativ mövcud deyil. Yalnız Azərbaycanla sülh münasibətləri kontekstində Ermənistan öz təhlükəsizliyini təmin edər. Bu gün qlobal gücləri Ermənistanda yerləşdirmək onun təhlükəsizliyini təmin etməyəcək. Ancaq sülh, xüsusilə də regionun ən həlledici ölkələri olan Azərbaycan və Türkiyə ilə normal münasibətlər Ermənistanın təhlükəsizliyinə ən böyük zəmanətdir”.
Politoloqun qənaətincə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması həm də Ermənistanın inkişafı deməkdir:
“Eyni zamanda bütün nəqliyyat kommunikasiya sistemlərinin açılması, Ermənistanın dənizə, Avropaya çıxışını təmin etməkdir. Paşinyan artıq özü də bu fikirdədir. Ancaq hələlik bu kontekstdə addımları görmürük”.
Qeyd edək ki, sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib. Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.
Günəş Mərd
tag: Ermənistan, Türkiyə ,Görüş ,Natiq Miri ,Nyu-York ,Azərbaycan ,todaypress.az,