Türkiyə-Ermənistan sərhəddində tarixi görüş: Ankara İrəvanla sərhədləri açır? - ŞƏRH

Təhlil

29.07.2024 15:38

“İndiki məqamda Türkiyə-Ermənistan sərhəddinin açılması Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirə bilər”.

Analitik Turan Rzayev bunu Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin baş tutacaq beşinci görüşünü TodayPress-ə şərh edərkən bildirib.

Onun sözlərinə görə,  Türkiyənin Ermənistanla münasibətlərinin bərpasına, sərhədlərin açılmasına dair mövqeyi bəlli və dəyişməzdir. Rəsmi Ankara bu məsələdə Bakının həssasiyyətini və maraqlarını nəzərə alır:

“Görüşdə müzakirə olunacaq mövzular münasibətlərin normallaşması və bunun ilk etapı olaraq iki ölkə arasında sərhədlərin açılması, gediş-gəlişin bərpa olunmasıdır. Türkiyə Azərbaycan ərazilərinin işğal faktoruna görə 30 ilə yaxın bir müddətdə Ermənistanla sərhədlərini bağlı saxlayıb. Bu, Ermənistana ciddi mənada iqtisadi zərər vurub və vurmaqdadır. İndiki məqamda sərhəddin açılması Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirə, həmçinin onun Qərblə münasibətlərinin inkişafına töhfə verə bilər”.  

Siyasi şərhçinin qənaətincə, sərhədlərin tez bir zamanda açılmasını gözləmək sadəlövhlük olar. Çünki Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmayıb:

“Amma tərəflərin sülhü müzakirə etməsi istisna deyil. Əslində Azərbaycanla Ermənistan arasında danışıqların getdiyi bir zamanda, Türkiyə ilə Ermənistan arasında danışıqların başlanması müsbət hadisədir. Bu bizim sülh danışıqlarına müsbət nələrsə qata bilər”.

Qeyd edək ki, Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin beşinci görüşü iyulun 30-da baş tutacaq.

Günəş Mərd

tag: Azərbaycan, Ermənistan, Türkiyə, Turan Rzayev, Sərhədlər, todaypress.az,

photo