Türkiyə-Bakı-İsrail üçbucağı: Bakıdakı görüşlə nizam yaranacaq! – ŞƏRH
“İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gələ bilər”.
Politoloq Akif Nağı bunu TodayPress-ə danışarkən deyib.
O, Türkiyə ilə İsrail arasındakı gərginliyin aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin rolunun danılmaz olduğunu vurğulayıb:
“Azərbaycan Prezidentinin həm Türkiyə, həm də İsrail ilə xoş münasibətləri buna imkan verir. 2024-cü ilin noyabrında Türkiyə COP29 beynəlxalq iqlim sammitinə qatılmaq üçün İsrail Prezidenti İsxaq Hersoqun təyyarəsinə öz hava məkanından keçmək üçün icazə vermədi. İndi isə bir-birlərinə qarşı addım atırlar. Mətbuatda tirajlanan məlumatlara görə, İsrail Baş naziri Benyamin Netanyahunun səfəri 5 gün davam edəcək. Bu, kifayət qədər uzun müddətdir. Ola bilsin ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gəlsin və üçtərəfli görüşlə münasibətlər qaydaya salınsın”.
Ekspertin sözlərinə görə bu, çox böyük hadisə olar və Azərbaycanın artan nüfuzunu göstərər:
“Netanyahunun Azərbaycana gözlənilən səfəri zamanı Türkiyənin öz hava məkanından istifadəyə icazə verməsi də Azərbaycanın vasitəçiliyini xoş qəbul etməsinin göstəricisidir”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahunun “Kanaf Zion” (“Sionun qanadı!) adlı rəsmi təyyarəsi Azərbaycana səfəri zamanı Türkiyə hava məkanından istifadə edə biləcək.
Qiymət Mahir
tag: Akif Nağı,Politoloq,Azərbaycan,Türkiyə,İsrail,Todaypress.az,
