Türk Dövlətləri Təşkilatı yeni üzvlər qəbul edəcək?
Türk Dövlətləri Təşkilatı (TDT) siyasətdən mədəniyyətə, ticarətdən iqtisadi əməkdaşlığa qədər bir çox sahədə türk ölkələri arasında əlaqələri gücləndirən mühüm platformaya çevrilib. Artıq 15 ildir fəaliyyət göstərən və rəsmi beynəlxalq status qazanmış bu hökumətlərarası qurum, üzv dövlətlər arasında əməkdaşlığı genişləndirmək üçün saysız layihələr həyata keçirir.
TodayPress xəbər verir ki, hazırda təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.
Təşkilatda müşahidəçi statusu ilə Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) təmsil olunur. 2022-ci ildən etibarən TDT-nin baş katibi vəzifəsini Qırğızıstanın Türkiyədəki sabiq səfiri Kubanıçbek Ömüraliyev icra edir.
Baş katib Ömüraliyev TDT-nin rəsmi olaraq 2009-cu ildə Naxçıvan Sazişi ilə qurulduğunu bildirsə də, türk dövlətləri arasında əməkdaşlıq ideyasının Sovet İttifaqının dağılmasından sonra, 1990-cı illərin əvvəlində keçirilən ilk liderlər zirvələrinə dayandığını qeyd edib.
Bu görüşlər xalqların yaxınlaşması, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlığın inkişafı üçün möhkəm təməl yaradıb. 2021-ci ildə İstanbul Zirvəsində təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olaraq yenidən müəyyənləşdirilib və o, tamhüquqlu beynəlxalq təşkilat statusu alıb. Kubanıçbek Ömüraliyev TDT-nin yalnız bölgə daxilində deyil, qlobal səviyyədə də əhəmiyyətli aktora çevrildiyini vurğulayıb.
Onun sözlərinə görə, təşkilat mənfəət yönümlü birliklərdən fərqli olaraq, ortaq dil, mədəniyyət və tarixə əsaslanır. TDT-nin əsasında duran “Köklü keçmiş, güclü gələcək” şüarı isə bu birliyin yalnız siyasi və ya iqtisadi deyil, sarsılmaz qardaşlıq bağlarına söykəndiyini göstərir.
Ömüraliyev, təşkilata üzvlüklə bağlı meyarların 2021-ci ildə yenidən müəyyənləşdirildiyini və yalnız rəsmi və ya dövlət dili kimi türk dili olan ölkələrin üzv və ya müşahidəçi statusu ala biləcəyini bildirib.
Bu dəyişikliklər TDT-nin genişlənməsi üçün konkret və şəffaf kriteriyalar formalaşdırıb. Baş katib, təşkilatın həyata keçirdiyi əsas layihələrdən biri kimi Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu qeyd edib. Bu dəhliz tarixi İpək Yolunun müasir versiyası olaraq Çinlə Avropa arasında 15 günə yük daşımalarına imkan verir.
Həmçinin, 2030-cu ilə qədər daşınan yük həcminin üçqat artırılaraq 11 milyon tona çatdırılması hədəflənir. İqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə 2023-cü ildə 500 milyon dollarlıq kapital ilə yaradılmış Türk İnvestisiya Fondu da daxili ticarətin inkişafı və investisiyaların cəlbi üçün mühüm alətə çevrilib.
Bişkekdəki son zirvə toplantısında imzalanan "Rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi” üzv ölkələr arasında fasiləsiz rəqəmsal ticarət üçün mühüm addım olub. Eyni zamanda Bakıda qəbul edilən 34 hərfdən ibarət ortaq türk əlifbası türk dilləri arasında ünsiyyətin və mədəni inteqrasiyanın gücləndirilməsinə yönəlib.
Bundan başqa, Türk Universitetləri Birliyi çərçivəsində 100-dən çox universitetin əməkdaşlığı tələbə və müəllim mübadiləsi ilə yanaşı, ortaq akademik mühitin və standartların formalaşdırılmasına xidmət edir. Mədəni irsin tanıdılması və qorunması məqsədilə təşkil edilən Dünya Köçəri Oyunları və yaxın zamanda istifadəyə veriləcək “Birləşmiş Muzey Keçid Kartı” kimi təşəbbüslər də TDT-nin fəaliyyət istiqamətlərindəndir. Ömüraliyev Bişkek Zirvəsində təbii fəlakət və fövqəladə hallarda birgə fəaliyyət göstərmək üçün Türk Dövlətləri Sivil Müdafiə Mexanizminin qurulmasının vacib uğur olduğunu bildirib.
2025-ci il üçün strateji planlara gəlincə, azad ticarət sazişi danışıqları və daha inteqrasiya olunmuş ticarət mühitinin yaradılması əsas prioritetlərdəndir.
Həmin il iki mühüm zirvə planlaşdırılır: biri Macarıstanda qeyri-rəsmi, digəri isə Azərbaycanda 12-ci rəsmi zirvə olacaq. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, TDT 2025-ci ildə türk dövlətləri arasında daha güclü əməkdaşlıq və dərin inteqrasiyanı təmin edəcək yeni bir mərhələyə daxil olacaq.
Töhfə Səməd
tag: Türk Dövlətləri Təşkilatı ,Yeni Üzv,Qəbul,Araşdırma,Todaypress.az,