Trampın Yaxın Şərq səfəri nəyə hesablanıb? – POLİTOLOQ AÇIQLADI
“ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfərinin əsas səbəblərindən biri HƏMAS və İsrail arasındakı savaşın bitirilməsi üçün dialoq ola bilər”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress-ə danışarkən deyib.
O xatırladıb ki, ABŞ-də Cozef Bayden administrasiyası dövründə Yaxın Şərqlə bağlı mövqe zəifləyib:
“Bunun təməl səbəblərindən biri ABŞ-nin Uzaq Şərqə və Ukrayna məsələlərinə daha çox diqqət ayırması olub. Belə olan təqdirdə Tayvan krizisinə və Çinlə rəqabətə diqqət ayıran ABŞ Yaxın Şərqdəki siyasətindən geri çəkildiyi üçün Çin burada mövqelərini gücləndirməyə çalışdı. Pekinin sayəsində İranla Səudiyyə Ərəbistanı arasında razılaşma əldə olundu. Bundan əlavə, Fələstində müxtəlif qrupların toplaşması prosesi oldu. Onlar Pekində İsrailə qarşı vahid deklarasiya imzaladılar. Bu, onu göstərirdi ki, Çin Yaxın Şərqdə ciddi şəkildə güclənməyə başlamışdı. ABŞ Soyuq müharibə dönəmindən bu yana təsir altında saxladığı Yaxın Şərqdə mövqelərinin zəifləməsi ilə razılaşa bilmir”.
Ekspert həmçinin 2023-cü ilin oktyabr ayından davam edən HƏMAS-İsrail qanlı müharibəsinə toxunub:
“Həm Təl-Əviv, həm də Vaşinqton düşünür ki, on minlərlə insanın ölümünə səbəb olan müharibənin bir an öncə bitməsi lazımdır. Bu prosesi sürətləndirmək üçün Yaxın Şərq ölkələri ilə dialoq lazımdır. Hesab edirəm ki, Trampın Yaxın Şərq səfərinin əsas səbəblərindən biri buna hesablanıb”.
Qeyd edək ki, mayın 13-də ABŞ prezidenti Donald Trampın 4 gün nəzərdə tutulan Yaxın Şərq səfəri başlayıb.
Qiymət Mahir
tag: Kazım Kazımov,Politoloq,Tramp,Yaxın Şərq,Todaypress.az,
