Trampın Ukraynadakı müharibəni dayandırmaq planı nədən ibarətdir? - Təhlil
Təhlil
24.07.2024 11:03
ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, Ukraynadakı müharibə dayanacaq. Tramp özü də daxil olmaqla, dünyanın bir çox lideri onun bu iddiasına inanıb.
İndi hər kəsi bir sual düşündürür: Görəsən, Trampın Ukraynadakı müharibəni dayandırmaq planı nədən ibarətdir?
Mövzu ilə bağlı TodayPress-ə açıqlma verən politoloq Nadir Şəfiyev bildirdi ki, Tramp özünün sülh planını gizli saxlayır və heç kimlə bölüşmür. Onun sözlərinə görə, Tramp ilk növbədə hər iki tərəfə təzyiq göstərməklə, onları masa arxasında oturtmağa cəhd edəcək. Bundan sonra tərəflər öz aralarında müəyyən güzəştlərə getmək haqqında qərar qəbul edəcəklər. Amma Rusiya ərazi məsələsində heç bir güzəştə getməyəcək:
“Ukrayna deputatları sülhün imzalanacağı təqdirdə Krımın Rusiyada qalması, Zaporoji və Xersonun Ukraynaya qaytarılması, Donesk və Luqansk vilayətinə də müəyyən bir aralıq status verilə biləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Amma Rusiya prezidenti danışıqlarla bağlı öz mövqeyini açıqlayanda, Xerson, Zaporoji, Luqansk və Donesk ilə bağlı heç bir müzakirənin aparılmayacağını deyib. Hətta Ukrayna ordusunun bu ərazilərdən geri çəkilməli olduğunu bildirib. Putinin indiyə kimi verdiyi bəyanatlardan geri çəkildiyini müşahidə etməmişik. Ona görə, də məsələnin Trampın bir ifadəsi ilə həll olunması çətin görünür”.
Analitik düşünür ki, Ukraynanın Şərq vilayətlərində kifayət qədər uran ehtiyatları var. Bu təbii sərvətin Ukraynaya verilməsi, Qərbə verilməsi deməkdir. Ona görə də, Rusiya bu ərazilərdən imtina etməyəcək.
Yerigəlmişkən, NATO Ukraynaya uzunmüddətli hərbi dəstək göstərdiyi üçün silah-sursat ehtiyatlarının böyük hissəsinin tükəndiyini etiraf edib. Bunun müqabilində isə Rusiya silah istehsalını üç dəfə artırıb. Belə olan halda NATO-nun müharibədə birbaşa iştirakı nə dərəcədə real görünür?
N.Şəfiyev hesab edir ki, Qərb ölkələri ləng tərpənsələr də, hərəkətə keçdikdən sonra onların qarşısını almaq çətin olur. Hazırda Qərb ölkələri etiraf etməsələr də, silah istehsalını artırırlar. Digər tərəfdən Qərbdə istehsal olunan silahlar kifayət qədər müasir və yüksək səviyyədədir. Amma bu Rusiyanı qorxutmağa kifayət etməyəcək:
“Rusiyanın tarixi savaşlardan ibarətdir. Onu müharibə ilə qorxutmaq mümkün deyil. NATO-nun 500 minlik qoşununun olması da problem deyil. Rusiya ordusunun şəxsi heyətinin sayı 2 milyona yaxındır. Hər iki tərəfdə kifayət qədər nüvə silahı var. O nüvə silahı yalnız rəqibi deyil, bütövlükdə yer kürəsini məhv edə bilər. Ona görə də nə NATO, nə də Rusiya birbaşa müharibəyə başlayacaq. Hər iki tərəf bunun dünyanın sonu ola biləcəyini başa düşür. Hadisələr o mərhələyə gəlməyəcək. Tərəflər ancaq bir-birinə hədə-qorxu gələrək davam edəcəklər”.
Politoloq hesab edir ki, bütün süni əngəllərə və maneələrə baxmayaraq, müharibənin başa çatması və sülh sazişinin imzalanması üçün hələ də ümid var:
“Rusiya da, Ukrayna da başa düşür ki, onları bu tələyə salanlar, buradan çıxmalarına icazə vermirlər. Əgər hansısa real qüvvə o cümlədən ABŞ-nin prezidenti onlara əl uzadıb, danışıqlara getməyi tövsiyə edərsə, çox güman ki, həmin təşəbbüsə Çin rəhbərliyi də qoşulacaq. Sonda tərəflər arasında razılaşma əldə olunacaq”.
Qeyd edək ki, Ukrayna parlamentinin deputatı Yevgeni Şevçenko düşünür ki, Tramp prezident seçilsə, ukraynalı həmkarı Volodimir Zelenskini istefaya göndərəcək və parlamentin yeni rəhbərini Rusiya ilə qarşılıqlı güzəştlərlə, sülh sazişi imzalamağa məcbur edəcək.
Günəş Mərd
tag: Rusiya, Ukrayna, Tramp,Nadir Şəfiyev,ABŞ, todaypress.az,
![photo](/uploads/news/66a0a92a0deff.jpg)