Trampın sülh planı: Suverenliyin qarşılığında, neytrallıq zəmanəti - Politoloq şərhi
Təhlil
13.09.2024 17:09
Respublikaçılar Partiyasından ABŞ vitse-prezidentliyinə namizəd Ceyms Devid Vens ABŞ-nin 45-ci prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planını açıqlayıb.
Onun sözlərinə görə, Trampın planı Rusiya ilə Ukrayna arasında hazırkı demarkasiya xətti boyunca demilitarizasiya zonasının yaradılmasını, habelə Rusiyanın Ukraynanın neytral statusuna təminatının verilməsini nəzərdə tutur.
Bu zaman Rusiya ilə Ukrayna arasındakı demarkasiya xətti demilitarizasiya zonasına çevriləcək. Ukrayna öz müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq. Rusiya isə Ukraynadan NATO və bu qəbildən olan digər müttəfiq qurumlarla bitərəflik və qoşulmamaq zəmanəti alacaq.
Politoloq Zeynal Əmrəliyev sözügedən sülh planını TodayPress-ə şərh edib.
O, qeyd edib ki, Ukraynada vəziyyətin gərginləşməsindən öncə də bu cür təkliflər mövcud olub:
“Ukrayna NATO-ya üzv olmayacaqdı. Əvəzində Rusiya Ukrayna ərazisinə hücum etməyəcəkdi və işğal etdiyi Ukrayna ərazilərini də Ukraynaya qaytaracaqdı. Amma müharibədən sonrakı vəziyyət hər şeyi dəyişdi. Artıq Rusiya Ukraynanın mühüm hissəsini işğal edib. Həmin əraziləri geri qaytarmayacağını bildirir. Belə olan halda Ukrayna bundan sonra NATO üzvü olmayacağına dair zəmanət versə belə, həmin ərazilərin Ukraynaya qaytarılması məsələsi bir qədər şübhəlidir”.
Analitik qeyd edib ki, hazırda tərəflərin dialoq masasında oturması üçün münbit şərait yoxdur. Hər iki tərəf bir-birini ittiham edir:
“ABŞ-də Tramp hakimiyyətə gələrsə, bu məsələnin həlli ilə bağlı variant təklif edə bilər. Çünki Baydenə nisbətən Trampın Rusiya ilə münasibətləri normaldır, həm də ABŞ-nin Ukraynaya güclü təsir imkanları var. Hələki məsələnin həlli yolu budur: Rusiyanın işğal etdiyi Ukrayna əraziləri neytral zona kimi saxlanıla və Ukrayna Rusiya ilə danışıqlar apara bilər. NATO-ya üzvlükdən də imtina edə bilər. Ancaq hər iki ölkənin bunu qəbul edib etməyəcəyi sual altındadır”.
Ekspert hesab edir ki, ümumilikdə ABŞ-dəki prezident seçkiləri Ukrayna münaqişəsinə böyük təsir göstərəcək.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp bir müddət öncə Ukrayna münaqişəsinin həlli ilə bağlı gizli planının olduğunu bildirsə də, planın nədən ibarət olduğunu hələ də açıqlamayıb.
Günəş Mərd
tag: Tramp, Rusiya, Ukrayna, Çin, ABŞ, todaypress.az,