Trampın partiyası ilk addımı atdı: “ABŞ BMT-dən çıxsa, dünyanın siyasi arenasında ciddi…”

Təhlil

21.02.2025 17:07

1112

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvləri ölkənin BMT-dən çıxmasını və qurumun maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır. Hakim partiyadan olan senatorlar isə bəyanat verərək, təşkilatın ABŞ-nin maraqlarına cavab vermədiyini açıqlayıb.

Politoloq Amid Əliyev bu barədə TodayPress-ə danışarkən bildirib ki,  BMT-nin yaradılmasının əsas səbəbkarı elə ABŞ-nin özüdür.

Onun sözlərinə görə, təşkilat illərlə Avropa dövlətlərini də tətikdə saxlamaq, lazım olanda BMT missiyalarından öz məqsədləri üçün istifadə etmək və nəhayət ayrı-ayrı dövlətlərə qarşı müvafiq sanksiyalar mexanizmini işə salmaq üçün ABŞ tərəfindən istifadə edilib.  “Bunun səbəbi isə olduqca sadədir. İlk növbədə, ABŞ olduqca güclü maliyyə mənbələrinə malikdir və bununla da siyasi qərarlara təsir edə bilir. Eyni zamanda BMT-nin maliyyələşməsinin əsas hissəsi məhz ABŞ tərəfindən həyata keçirilir. Həmçinin ABŞ güclü hərbi sənaye kompleksinə malikdir. Nəticədə, BMT pərdəsi ilə müvafiq regionlarda öz hərbi müdaxiləsini təmin və müdafiə edir”.

Analitik diqqətə çatdırıb ki, Donald Tramp və onun komandası hazırda dünyada, xüsusilə də Avropada baş verən proseslərə bir qədər başqa prizmadan yanaşır:

“Son Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vens çıxış zamanı açıq şəkildə Avropanı təhdid etməklə yanaşı, onları Amerikanın strateji xəttindən yayınmaqda günahlandırdı. Bu da Avropanın bir sıra siyasi və iqtisadi institutlarına birbaşa təsirlə bağlıdır. Artıq Tramp bir sıra təşkilatlara maliyyə köçürmələrinin kəskin azaldılması istiqamətində qərarlar verib. Bundan başqa dünya liderləri dəfələrlə bidiriblər ki, BMT-nin mexanizmləri qloballaşan dünyanın standartlarına cavab vermir. İkili və selektiv yanaşma, qətnamələr və operativ əməliyyatların şəxsi maraqlara uyğun həyata keçirilməsi BMT-nin artıq dünyadakı sülh və təhlükəsizlik istiqamətindəki roluna kölgə salır”. 

Amid Əliyevin fikrincə, Ağ Evin BMT və ya Təhlükəsizlik Şurasından çıxması o qədər də real görünmür. Orada Rusiya və ÇİN olduğu halda bu addımın həyata keçirilməsi məntiqli deyil. İndiki məqamda ABŞ bunu edə bilməz. 

“Bu, yalnız BMT kimi alternativ bir beynəlxalq təşkilatın yaranmasından sonra mümkün ola bilər. Əgər ABŞ BMT-dən çıxsa, bu dünyanın siyasi arenasında yeni dəyişikliklərə gətirib çıxara bilər. Avropa dövlətləri arasında mövcud olan ziddiyyətlər daha da dərinləşə, Rusiya və Çinin rolu aktiv surətdə arta bilər. Bu dəyişikliklər isə öz növbəsində Avropa sərhədləri daxilində yox, ondan kənara da sirayət edəcək: yeni siyasi kolliziyalar, ərazi iddiaları və ya lokal münaqişələr meydana çıxacaq. ABŞ-nin BMT-də olması formal da olsa, balanslaşdırıcı rola və veto qoyma hüququna malikdir. Ağ Evin təşkilatdan çıxacağı təqdirdə isə son 70 il ərzində ABŞ-nin himayədarlıq etdiyi bölgələrdə yeni ziddiyyətlərin meydana gəlməsinə şərait yaradacaq. Bundan başqa bu günə qədər veto qoyulmuş məsələlər yenidən gündəmə gətirilib başqa nəticələrə səbəb olacaq”.

Töhfə Səməd

tag: ABŞ,Tramp,Amid Əliyev,Politoloq,BMT,Todaypress.az,

photo