Trampın Panama kanalına iddiası nə ilə nəticələnək? – TƏHLİL
“Panama kanalı beynəlxalq əhəmiyyətli ən mühüm nəqliyyat su yollarından biri hesab olunur. Panama dövləti daxilində yerləşir və Panamanın Sakit okean körfəzini Karib dənizi və Atlantik okeanı ilə birləşdirir”.
Politoloq Rəşad Bayramov bunu TodayPress-ə açıqlamasında deyib.
O, əvvəlcə kanalın tarixindən bəhs edib:
“Kanal ABŞ tərəfindən tikilib və 1914-cü ildə istifadəyə verilib. 1977-ci ildə imzalanmış “Torriyos-Karter” müqaviləsi ilə Panama kanalı zonası adlanan ərazi ləğv edilib və su yolu üzərində Panamanın suverenliyi təsdiqlənib. ABŞ hakimiyyəti həmin müqavilədən sonra dəniz yolu üzərində nəzarəti tədricən Panamaya ötürüb və prosses 1999-cu ilin 31 dekabrında tamamlanıb. Həmin ildən etibarən kanal Panama hakimiyyətinin qərarı ilə genişləndirilib və hazırda ölkə iqtisadiyyatına yüz milyonlarla dollar gəlir gətirir”.
Ekspert ABŞ Prezidenti Donald Trampın Panama kanalı ilə bağlı iddialarına da toxunub:
“Trampın kanala iddia etməsi əvvəlcə həmin kanaldan gəmilərin keçidinə görə tətbiq olunan yüksək tariflər, digər tərəfdən isə Çinin gəmilərinin də həmin yoldan istifadə etməsi ilə bağlıdır. Tramp deyir ki, Panama kanalı iqtisadiyyatda və milli təhlükəsizlikdə oynadığı rola görə ABŞ üçün həyati əhəmiyyət kəsb edir və Çinin Panama kanalından istifadəni davam etdirməsi kanalın transferi müqaviləsinin şərtlərinə ziddir. Panama tərəfi isə prezident Xose Raul Mulinonun timsalında Panama Kanalının hər metrinin Panamaya məxsus olması, ölkənin suverenliyi və müstəqilliyinin müzakirə predmeti olmadığını bildirib. Mulino mövcud tariflərin bazar şəraiti, beynəlxalq rəqabət, mövcud qiymətlər, eləcə də təmir və modernləşdirmə ehtiyacı nəzərə alınmaqla müəyyən edildiyini bildirir”.
R.Bayramov hesab edir ki, indiki mərhələdə ABŞ-Panama münasibətlərinin korlanması heç bir ölkənin maraqlarına cavab vermir:
“Nəzərə alaq ki, həmin kanalla daşınan yüklərin ümumi həcminin təxminən dörddə üçü ABŞ-nin payına düşür. Bu o deməkdir ki, Panamanın həmin kanaldan əldə etdiyi gəlirin böyük əksəriyyəti məhz ABŞ hesabına əldə edilir. Odur ki, problemin danışıqlar yolu ilə həll ediləcəyini, yəni Panamanın ABŞ gəmiləri üçün rüsumlardan müəyyən güzəştlər tətbiq edəcəyini düşünürəm. Bura həmçinin Çin gəmilərinin keçidinə qadağa qoyulması da daxildir”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin “X” sosial media hesabında paylaşdığı məlumata görə, Birləşmiş Ştatlar hökumətinin gəmiləri indi Panama kanalından rüsum ödəmədən keçə biləcək və bununlan da hər il milyonlarla dollara qənaət olunacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın 20-də inauqurasiya mərasimindəki çıxışında Panama kanalını geri almaq niyyətində olduğunu bildirmişdi.
Qiymət Mahir
tag: Panama,ABŞ,Müqavilə,Hakimiyyət,Todaypress.az,
