Trampın gizlin planı : “Bu, Ərdoğan tərəfindən qəbul edilərsə...” – ŞƏRH
Təhlil
31.01.2025 16:28
“Rəsmi Ankara İsraillə diplomatik əlaqələri yaxşılaşdırsa, qərbmeyilli qüvvələr Türkiyə ərazisində də hərəkətə keçəcək”.
Politoloq İlyas Hüseynov bunu Xarici diplomatik mənbələrdən verilən “ABŞ qoşunlarını Suriyadan Türkiyənin İsraillə münasibətlərini yaxşılaşdırması müqabilində çıxaracaq” məlumatını TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyə bütün İslam dünyasının həmrəliyini, birliyini təşviq edir. Hər bir müsəlmanın hüquqlarının qorunması üçün adımlar atır. Buna nümunə kimi ən başda Fələtsin xalqını göstərmək olar:
“Bu baxımdan ABŞ də çalışır ki, Türkiyənin NATO-dakı dayanıqlı mövqeyi təmin olsun və İsrail ilə Türkiyə arasında mövqelər yaxınlaşsın. Hətta hesab edirəm ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması müqabilində Türkiyə-İsrail diplomatik əlaqələrinin formalaşması təklifi olduqca cəlbedicidir. Əgər bu təklif Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul edilərsə, o zaman Qərbə inteqrasiya prosesi sürətlənəcək. Bu zaman qərbmeyili qüvvələr Türkiyə ərazisində hərəkətə keçməyə başlayacaq”.
Analitik diqqətə çatdırıb ki, bütün bunlar baş verərsə, Türkiyə daha çox ABŞ, İsrail, ümumilikdə Qərb narrativləri əsasında öz xarici və daxili siyasətini formalaşdıracaq. Bu isə kifayət qədər riskli və bir qədər də çətin seçimdir.
İ.Hüseynov regionda baş verəcək bu dəyişikliyin Azərbaycana təsirindən söz açıb. O bildirib ki, Azərbaycan üçün İsrail və Türkiyənin yaxınlaşması olduqca əlverişlidir:
“Biz dəfələrlə bu proseslərin təşviq edilməsinin şahidi olmuşuq. Çünki İsrail bizim tərəfdaşımız, Türkiyə isə müttəfiqimizdir. Lakin, burada əlbəttə ki, son seçimi rəsmi Ankara edəcək. Bu Türkiyə xalqının milli maraqlarını, həmçinin bütün sonrakı prosesləri özündə birləşdirən bir seçim olmalıdır”.
Qeyd edək ki, Xarici diplomatik mənbələrdən verilən məlumata görə, Amerika qoşunlarının Suriyadan çıxarılması prosesində Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla koordinasiyalı hərəkət edir. Məlumata görə, Tramp şərt irəli sürüb ki, ABŞ qoşunlarını Suriyadan Türkiyənin İsraillə münasibətlərini yaxşılaşdırması müqabilində çıxaracaq. İsrail Baş nazirinin ofisi isə ABŞ-nin Suriyadakı hərbi mövcudluğu ilə bağlı planlarını şərh etməkdən yayınıb.
Töhfə Səməd
tag: İsrail,ABŞ,Türkiyə,Ankara,Qoşun,İlyas Hüseynov,Todaypress.az,