Trampdan Rusiyaya “Ukrayna jesti”: “İndi hər şey Putinin addımlarından asılıdır” – ŞƏRH
Təhlil
23.01.2025 18:10
“ABŞ prezidenti Trampın istər daxili, istərsə də xarici siyasət sahəsində qəbul etdiyi yeni qərarlar ABŞ-nin İkinci Dünya Müharibəsindən sonra bütün Amerika prezidentlərinin qəbul etdiyi beynəlmiləlçilikdən uzaqlaşdığını göstərir”.
Politoloq Rəşad Bayramov bu barədə TodayPress-ə danışarkən bildirib.
O hesab edir ki, Trampın andiçmə mərasimindən sonra səsləndirdiyi fikirlər və qəbul etdiyi qərarlar bizim artıq yeni bir dünya nizamına qədəm qoyduğumuzu göstərir:
“Bu nizamda beynəlxalq hüquq, köhnə ittifaqlar və tərəfdaşlıqlar - artıq bunların heç biri əhəmiyyət kəsb etmir. Tramp özünü ABŞ-nin maraqlarını amansızcasına müdafiə edən bir prezident kimi görür və görünən odur ki, o, tərəfdaş ölkələrin zəif tərəflərindən istifadə edərək öz iradəsini onlara sırımaq üçün də Amerikanın gücündən maksimum istifadə edəcək. Bu Rusiyaya da aiddir. Əgər Rusiya Trampın çağırışlarına cavab verən siyasət həyata keçirməyə razılıq verəcəksə, o zaman ABŞ-Rusiya münasibətlərində loyal siyasətə şahidlik edəcəyik. Əks halda Tramp bütün mümkün vasitələrlə Rusiyaya qarşı sərt sanksiya siyasətini və Ukraynaya yardımları davam etdirəcək. Yəni başqa sözlə desək, indi Trampın Putinə və Rusiyaya qarşı hansı siyasət sərgiləyəcəyi bir başa Putindən asılıdır”.
Analitikin qənaətincə, Tramp Rusiyaya jest olaraq ABŞ-nin xarici ölkələrə bütün yardım proqramlarını 90 gün müddətinə dayandırmasına dair qərar verib:
“Hər nə qədər bu qərar Konqres tərəfindən təsdiq olunduğu üçün artıq mövcud olan və razılaşdırılmış hərbi yardım paketlərinə təsir etməsə də, üç aylıq fasilə Ukrayna ordusunda ABŞ istehsalı olan silah, texnika və sursat ehtiyatlarının minimum səviyyəyə düşməsinə səbəb ola bilər. Bu da öz növbəsində istər-istəməz döyüş meydanındakı vəziyyətə təsir edəcək. Məhz elə bunu nəzərə alaraq Tramp müvafiq bəyanatla çıxış etdi və faktiki olaraq Rusiya lideri Putinə arxayınlaşmamaq mesajı vermiş oldu. Tramp "Truth" sosial şəbəkəsində Putinə ünvanlanan müraciətində Vladimir Putini Ukraynada müharibəni yaxın vaxtlarda bitirməyə çağırdı və bildirdi ki, əks halda Rusiyanın ABŞ-yə və bu tədbirə qoşulan digər ölkələrə satdığı bütün məhsullara yüksək vergi, rüsum və sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq. İndi hər şey Putinin addımlarından asılı olacaq".
Qeyd edək ki, ABŞ lideri Donald Tramp andiçmə mərasimindən sonra sələfi Cozef Baydenin dövründə qəbul edilmiş 78 qərarı ləğv edən fərman imzalayıb. Eyni zamanda Amerika üçün bir sıra qərarlar qəbul edib. Bura ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxması; Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi prosesinə başlamaq əmri; Qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün ABŞ-nin cənub sərhəddində fövqəladə vəziyyətin tətbiqi; ABŞ-nin xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün digər ölkələrə inkişaf yardımını 90 gün müddətinə dayandırmaq barədə sərəncam və başqa qərarlar daxildir.
Günəş Mərd
tag: ABŞ ,Tramp,Dünya Müharibəsi,Rəşad Bayramov,Konqres ,todaypress.az,