“Tramp və Harrisin tək niyyəti ölkəni bölməkdir” - Amerikalı analitikdən ÖZƏL MÜSAHİBƏ
Təhlil
17.09.2024 10:55
“Seçki ərəfəsi olduğuna görə hər hansı siyasi və ya hüquqi bir səhv ciddi müzakirələrə səbəb olur. Təbii ki, Demokratlar Partiyası seçkilərdə qalib gəlməyə çalışır və buna görə də bütün yollara əl atır”.
Bu sözləri amerikalı analitik, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman ABŞ-dəki siyasi vəziyyəti TodayPress-ə şərh edərkən deyib.
Onun sözlərinə görə, uzun müddətdir ki, Trampın komandasına inam və etimad azalan xətt üzrə gedir. Çünki ona qarşı müxtəlif məsələlərlə bağlı dəfələrlə iddia qaldırılıb və məhkəməyə müraciət edilib. Bütün bunların fonunda ABŞ-nin 45-ci prezidenti soyuqqanlılıq nümayiş etdirmək əvəzinə daha radikal mövqe sərgiləyib:
“Tramp ətrafındakı hər kəsə qarşı çıxmaqla və müxalifəti hədələməklə sadəcə tərəfdarlarını özündən uzaqlaşdırır. O, təmkinli formada və faktlarla cavab vermək əvəzinə, “hücum” strategiyasını üstün tutur. Bu isə onun kampaniyasına olduqca mənfi təsir göstərir.
Digər tərəfdən Demokratlar Partiyası da hakimiyyətə gəldikləri ilk gündən Trampın daha əvvəl yürütdüyü siyasətə kor-koranə qarşı çıxmağa, hər şeyə müxalif olmağa çalışıblar. Bu isə heç də doğru siyasi kurs deyil”.
Analitikin fikrincə, hər iki partiya arasında qərəzli mövqe və qütbləşmə mövcuddur. İstər Demokratlar, istərsə də Respublikaçıların tək məqsədi qarşılıqlı olaraq bir-birlərini ittiham etməkdir. Bu isə ABŞ-nin gələcəyi üçün ciddi narahatlıqlar doğurur.
Töhfə Səməd
tag: Tramp, Harris, Seçki, ABŞ ,Prezident ,Analitik , İrina Tsukerman ,todaypress.az,