Tramp “Ukrayna kartı”nı işə salır: Cəbhədə vəziyyət necə dəyişəcək? - ŞƏRH
Təhlil
27.11.2024 15:37
“Amerika Birləşmiş Ştatlarının tarixində yeni administrasiyaların onlara qədər fəaliyyət göstərmiş, rəhbərlərin çıxardıqları qərarlara yeni yanaşmalar sərgiləməsi qəbul olunmuş bir praktika kimi özünü dəfələrlə göstərib. Donald Tramp da bu ənənəyə sadiq qalanlardan biridir”.
Politoloq Tofiq Abbasov bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2017-2021-ci illərdə ABŞ-nin prezidenti olmuş Respublikaçı Donald Tramp özü daha öncəki liderlərin bir sıra qərarlarını ləğv edib:
“O, öz dövründə sələfi Barak Obamanın İranla razılaşdığı nüvə sazişindən, sonra isə Paris iqlim sazişindən çıxıb. Yəni Tramp bu istiqamətdə daha çox fəallıq göstərən bir siyasətçidir. Bəyan edir ki, onun üçün Amerikanın maraqları, milli maraqlar hər şeydən üstündür. Buna görə ölkəsi böyük mənfəət vəd etməyən heç bir planda iştirak etmir. Əlbəttə ki, siyasi çeviklik baxımından belə bir yanaşma bir növ kasad görünür. Amma digər tərəfdən biz bilirik ki, Donald Tramp sistem daxili siyasətçilərdən deyil, o sistemdən kənar siyasətçidir və daha çox onun keçmişi biznes sahəsi ilə əlaqəli olub. Bu cəhətdən pul saymağa daha çox üstünlük verir”.
Analitik Trampın hakimiyyətə gəldikdən sonra Ukraynaya yardımı dayandırması ilə bağlı səsləndirilən iddialara toxunub:
“Ukrayna mövzusu Tramp üçün böyük əhəmiyyət kəsb edir. Tramp çalışır ki, Rusiya ilə münasibətləri gərginlik məcrasından çıxararaq bir qədər sabit məcraya yönəltsin. Digər tərəfdən, Amerikanın xərclərini azaltmaq istəyir. Bu səbəblərdən Ukraynaya yardımın dayandırılmasına Tramp nail ola bilər. Necə ki, öz şəxsi qərarı ilə Amerikanı bir çox sazişlərdən, proseslərdən uzaqlaşdırdı. Burada da ilk növbədə çalışacaq Moskva ilə münasibətləri yumşaltsın. Bəlli məsələdir ki, əgər Amerika Ukraynaya yardımları dayandırsa, onda Rusiya ilə dialoq imkanları genişlənəcək”.
Ekspert hesab edir ki, Ukrayna münaqişəsində danışıqlarda üçüncü tərəflərin də bu məsələyə münasibəti Rusiya rəhbərliyi üçün vacib rol oynayır. Kreml burada Vaşinqtonun fikirləri ilə maraqlanır. İndi Trampla bağlı artıq Rusiyada çox böyük gözləntilər var. Trampın isə müharibə ilə bağlı işləri hansı tərzdə davam etdirəcəyini zaman göstərəcək.
Qeyd edək ki, son olaraq Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba “Politico”ya müsahibəsində Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı ciddi narahatlığını bildirib. Onun sözlərinə görə, Tramp Ukraynaya yardımı dayandırsa, cəbhə çökəcək. KİV-də yayılan məlumatlara görə, ABŞ-nin hazırkı prezidenti Cozef Bayden gizli şəkildə Konqresdən Ukraynaya yardım üçün 24 milyard dollar istəyib. Bildirilib ki, Ağ Ev Konqresin əvvəllər Ukrayna ordusuna göndərilmiş silah ehtiyatlarının artırılması üçün 16 milyard dollar ayıracağını gözləyir. Eləcə də Ukraynanın silah istehsalında hərbi-sənaye şirkətləri ilə müqavilələr bağlaması üçün isə daha 8 milyard dollar ayrılmasını təklif edir. Vurğulanıb ki, Bayden administrasiyasının Ukraynaya silah tədarükünü artırmaq imkanı artıq məhduddur.
Xatırladaq ki, Rusiya və Ukrayna müharibə başlayandan bir sıra ölkələr Ukraynaya hərbi yardımlar göndərsə də, onlardan bəziləri sonradan öz hərbi ehtiyatını qoruyub-saxlamaq üçün yardımları dayandırmalı olub.
Günəş Mərd
tag: Ukrayna, ABŞ, Silah, Bayden, Ağ Ev, todaypress.az,