Tramp təklif etdi, rəsmi Paris etiraz etdi: Rusiya G7-yə qayıdacaq? – ŞƏRH
Təhlil
17.02.2025 17:09
“Donald Trampın Rusiyanı G7-ə qaytararaq onu "Böyük səkkizliyə" çevirməklə bağlı ideyası bir çox ölkələr, o cümlədən G7-nin əksər üzvləri tərəfindən mənfi qarşılanır. Bu ideyaya mənfi yanaşanlardan biri də Fransadır”.
Politoloq Oqtay Qasımov bunu TodayPress-ə danışarkən deyib.
Bildirilib ki, hazırda Ukrayna savaşına görə kollektiv Qərblə Rusiya arasındakı münasibətlər kifayət qədər gərgindir. Bu, xüsusilə Avropa ölkələrinə aiddir:
“Fransa Avropa İttifaqının ən önəmli ölkələrindən biridir və özünü Avropa qitəsinin lideri statusunda görür. Nəzərə alaq ki, son dövrlər Rusiya-Fransa münasibətlərində kifayət qədər ciddi gərginliklər hökm sürməkdədir. Savaş başlanan müddətdən xeyli zaman keçməsinə baxmayaraq, Fransa Ukraynaya əsas dəstək verən ölkələr sırasında olmayıb. Yalnız son vaxtlar müəyyən silah-sursat və təyyarələr göndərib. Bu baxımdan Fransanın bu məsələdəki mövqeyi ondan qaynaqlanır ki, Donald Tramp faktiki olaraq Rusiya ilə birbaşa danışıqlara başlamaqla Avropa İttifaqını oyundankənar vəziyyətə salmağa çalışır. Eyni zamanda, Avropanı sıxışdırmaqla onları təhdid edir”.
Politoloqun sözlərinə görə, təhdidlərin arxasında duran əsas məqsəd Trampın Avropa ölkələrindən hərbi büdcələrini ÜDM-nin 5%-nə qədər çatdırmasını və Avropanın təhlükəsizlik məsələsini özlərinin həll etməsini tələb etməsidir. O eyni zamanda Ukraynada gələcək müddətdə təhlükəsizlik məsələlərinin təminatının Avropa İttifaqının verməsini istəyir:
“Fransa bu məsələlərdə nə qədər ABŞ-nin mövqeyini bölüşməsə də, Rusiyanın G7-yə qayıtmaqla bağlı mövqeyində Avropa ölkələrinin və G7-nin əksər ölkələrinin fikirlərini ifadə etmiş olur. Hesab edirəm ki, Almaniya, İngiltərə, Yaponiya da eyni fikirdədir. Bu ölkələr qədər olmasa da, İtaliya da Rusiyanın Ukrayna müharibəsi bitmədən G7-yə qayıtmasının əleyhinə olacaq”.
Ekspert Rusiyanın Ukraynadakı işğalçı savaşına qarşı dünya dövlətlərinin beynəlxalq hüquqa uyğun davranmalarına ehtiyac olduğunu vurğulayıb. Əks halda bu işğalçı dövlətin başqa dövlətin ərazi bütövlüyünə qəsdinin mükafatlandırılması və şirnikləndirilməsi baş verə bilər:
“Hər halda Fransa xarici işlər nazirinin bu məsələdə mövqeyini başa düşmək olar. Çünki Ukraynada işğal davam etdiyi müddətcə Rusiyaya qarşı sanksiyaların götürülməsi və onun yenidən dünya arenasına və G7-ə qayıtması doğru yanaşma olmayacaq”.
Qeyd edək ki, Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanın G7-yə qayıtması və formatın "Böyük səkkizliyə" çevrilməsi imkanını rədd edib. Eyni zamanda o qeyd edib ki, əgər Ukraynada ədalətli sülh əldə olunarsa, Rusiyanın bu formata qayıtması imkanını istisna etmək olmaz. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Rusiyanın G7-yə qayıtmasının əleyhinə olmadığını söyləyib və onun bu formatdan çıxarılmasını “səhv” adlandırıb.
Qiymət Mahir
tag: Fransa,ABŞ,Etiraz,Rusiya,G7,Todaypress.az,
