Tramp Suriya vədinə əməl edəcək? : Növbəti müharibəyə SON - ŞƏRH

Təhlil

02.12.2024 17:58

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hazırda Amerikadaxili problemlərə söykənib. Rəqibləri isə başqa məsələləri gündəmə gətirərək ona əngəl yaratmağa çalışırlar”.

Politoloq Tofiq Abbasov bunu TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, Trampın komandasına yeni irəli sürülmüş namizədlərin əksəriyyəti siyasi cəhətdən naşıdır. Bu baxımdan Tramp özü də artıq rəqiblərinə onun üçün yeni maneələr yaratmağa rəvac verir:

“Amerikanın ikipartiyalı sistemi özünün tarixi maksimumuna çatdıqdan sonra yavaş-yavaş enişə doğru gedir. Bu sistem dəyişilməlidir. Təzadlı yeni məqamlar, münaqişəli vəziyyətlər hələ öndə Trampı və onun komadasını gözləyir. Yenidən alovlanmağa başlayan Suriya proseslərində də ABŞ-nin o qədər böyük iştirakı yoxdur. Orada daha çox Britaniyanın yerləşdirilmiş adamları vəziyyəti həll edir. Bu da ondan irəli gəlir ki, hazırda ABŞ ilə Böyük Britaniya arasında çox böyük fikir ayrılıqları var. Digər tərəfdən də, Britaniya ABŞ-nin Yaxın Şərqdə mövcudluğunun genişlənməsini istəmir. Düzdür, Suriyada qismən ABŞ-nin qoşunları var. Amma indiki proseslərdə orada ABŞ-dən daha çox Britaniyanın əli görünür”.  

Analitik hesab edir ki, Tramp öz vəzifəsinin icrasına başladıqdan sonra onun xarici siyasətində daha çox nəyə diqqət yönəltdiyini görmək mümkün olacaq:

“Yaxın Şərqdə gedən bir çox proseslər, həm bir-birini tamamlayır, həm də əks istiqamətə yönəlir. Əgər Yaxın Şərqdəki proseslərində ABŞ daha çox Səudiyyə Ərəbistanına söykənirsə, Britaniya daha çox Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə söykənir. Burada da təzadlar yaranır. Tramp həm də iddia edir ki, o prezidentliyə başladıqdan sonra münaqişəli vəziyyətlərə son qoyacaq. O, Suriyadan Amerika qoşunlarını geri çəkə bilər. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Tramp Yaxın Şərq proseslərinə ehtiyatla yanaşacaq. Onun üçün vacib olan daxili siyasətdir”.

Qeyd edək ki,  ABŞ prezidentliyə keçmiş namizəd Robert Kennedi bu yaxınlarda amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirmişdi ki, Donald Trampın Amerika qoşunlarını Suriyanın şimalından çıxarmaq istədiyini bildirib.  Bundan öncə isə anoloji fikri Türkiyənin milli müdafiə naziri Yaşar Güler səsləndirib. Xatırladaq ki, Tramp hələ özünün ilk ABŞ prezidentliyi dövründə 2019-ci ilə  "Twitter" (hazırkı “X”) səhifəsində ABŞ-nin Suriyada sonu olmayan, mənasız müharibədən çəkilməsinin vaxtının çatdığını yazmışdı.

Günəş Mərd

tag: Tramp, Bəşər Əsəd, ABŞ, Yaxın Şərq, Britaniya, todaypress.az,

photo