Tramp Rusiyada tərəfdaş axtarır: “Putin “Çindən qopma” oyununa alət olmayacaq” – ŞƏRH
“ABŞ prezidenti Donald Trampın məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Bunun üçün Ağ Ev sahibi bu ölkələrdən birini öz tərəfinə çəkmək istəyir”.
TodayPress xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb.
O, Trampın tərəfdaş kimi Rusiyanı seçdiyini qeyd edib:
“Halbuki, 1970-ci illərdə Ağ Evin o zamankı sahibi Çini öz tərəfinə çəkib keçmiş SSRİ ilə mübarizəni davam etdirməyə qərar vermişdi. O illərdə Vaşinqtonun planı müsbət nəticə verdi. Çünki, SSRİ və Çin kommunist və avtoritar rejimlər olsa da, münasibətlərində soyuqluq hökm sürürdü. Vaşinqton bundan istifadə etdi. Vaşinqton-Pekin arasındakı isti münasibətlər 1989-cu ilə qədər davam etdi. Həmin il Çin hakimiyyətinin çinli tələbələrin Pekinin mərkəzindəki mitinqini zorakı yollarla dağıtması Vaşinqtonla münasibətləri gərginləşdirdi. SSRİ-nin dağılması ilə Rusiya Çinlə tərəfdaşlığa üstünlük verdi. Vladimir Putinin hakimiyyəti dövründə Kreml-Pekin münasibətləri strateji əhəmiyyət kəsb edib. Tramp və onun hökumət üzvləri buna son qoymağa çalışırlar”.
Politoloq ABŞ dövlət katibi Marko Rubionun Donald Tramp və onun administrasiyasının Rusiyanı Çindən ayırmaq istiqamətində ciddi səylər göstərdiyini bildirib.
“Onları çinlilərlə əlaqələrdən tamamilə ayıra biləcəyimizə əmin deyiləm” deyən Rubio iki nüvə dövləti olan Rusiya ilə Çinin bir-birinə bu qədər yaxın olmasının qlobal sabitliyə təhlükə olduğunu vurğulayıb. O, Rusiyanın Çindən asılı vəziyyətə düşdüyünü də bildirib. Bu yanaşmada Rubio tək deyil”.
Analitikə görə, beynəlxalq aləmdə hakim olan “Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Kremlin Çindən asılılığını artırıb” fikri həqiqətdir. Buna baxmayaraq, Moskva Pekinlə ittifaqdan imtina etməyəcək.
“Əlbəttə, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı ilə görüşüb, onunla fikir mübadiləsi aparmaq, o cümlədən ABŞ ilə birgə iqtisadi layihələr reallaşdırmaq istəyir. Ancaq Putin Trampın “Çindən qopma” oyununa alət olmayacaq. Trampın planını Pekin də pozmağa çalışacaq. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan açıqlama verərək, ABŞ administrasiyasının Çinlə Rusiya arasındakı münasibətləri poza bilməyəcəyini vurğulayıb. Moskva və Pekin xarici siyasətlərini koordinasiya edirlər. Misal üçün, Vladimir Putin Donald Trampla telefon danışığından sonra dərhal Çin lideri Si Cinpinə zəng edib ki, ikinci heç bir narahatlığı olmasın. Buna baxmayaraq, Pekinin heç bir ölkəyə etibarı yoxdur” deyə E.Şahinoğlu bildirib.
O, müxtəlif dövlətlər bir-biri ilə mübarizə apararkən, Çinin bölgədə və dünyada iqtisadi gücünü artırmaqda davam etməsinin çoxlarını narahat etdiyini diqqətə çatdırıb:
“Çünki, Çin iqtisadi inkişafını hərbi gücünün artırılmasına yönəldib. Bu isə ABŞ ilə yanaşı Çinin müxtəlif qonşularını da narahat edir”.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,Rusiya,Çin,Təhlil,todaypress.az,