Tramp Makrona təzyiqi artırır: “Rəsmi Parisin Ukrayna ilə bağlı mövqeyi dəyişməsə…” – ŞƏRH
“Fransa ABŞ prezidenti Donald Trampın dövründə Avropada ABŞ-nin qarşısında dayanan əsas güc olacaq”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib.
O, bildirib ki, Fransa hər zaman Avropanın lider ölkəsi olmağa çalışıb. Bu siyasət hələ Şarl de Qollun dövründən mövcuddur və ondan sonra gələn Fransa prezidentləri tərəfindən davam etdirilib. Hazırda isə Prezident Emmanuel Makronun əlində bu istiqamətdə real fürsət yaranıb.
“Hələ Şarl de Qollun dövründə Avropanın daxili işlərində ABŞ-nin müdaxiləsinə son qoyulması üçün cəhdlər edilirdi. İkinci Dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatları dünya səviyyəsində fövqəl gücə çevrilmiş, kreditlər verməklə və ilk nüvə silahını istifadə edən ölkə kimi beynəlxalq siyasi proseslərə təsirini artırmışdı. Bu müdaxilənin qarşısını almaq üçün Şarl de Qoll Fransa siyasətində müstəqil kurs yürütməyə çalışırdı. Onun siyasətini davam etdirən sonrakı Fransa prezidentləri isə əsasən Böyük Britaniya və Almaniya ilə rəqabət aparmalı olublar. London və Berlin Parisin liderliyinə qarşı çıxırdılar”.
Ekspert Böyük Britaniyanın Avropa İttifaqından uzaqlaşması və Almaniyada nisbi siyasi zəifliyin Makrona əlavə imkanlar qazandırdığını vurğulayıb. O hesab edir ki, ABŞ-nin Ukrayna məsələsindəki qeyri-müəyyən mövqeyi də Makrona Avropada liderliyini gücləndirmək üçün şərait yaradıb.
Analitikə görə, Tramp Makronla bu məsələləri müzakirə edəcək. Fransanın Ukrayna ilə bağlı mövqeyi isə kifayət qədər açıqdır. Rəsmi Paris heç bir halda Ukraynanın müharibəni hazırkı şərtlərlə dayandırmasını istəmir. Ümumiyyətlə, Avropa çalışır ki, Ukrayna bu müharibədən qalib çıxsın və Rusiya qoşunlarını Ukraynadan tamamilə çıxartsın. Bu mövqedən çıxış edərək Emmanuel Makron NATO qoşunlarının Ukraynaya yerləşdirilməsini təklif edib və Ukraynaya müəyyən sayda hərbi kontingent göndərən ölkələrdən biri olub.
“Fransa Ukraynaya davamlı dəstək verən əsas Avropa ölkələrindən biridir. Bununla bağlı müəyyən tənqidlər səslənsə də, Paris bu mövqeyindən geri çəkilməyib. Belə olan halda, Tramp çalışacaq ki, Makronun Ukrayna ilə bağlı fikirlərindən onu daşındırsın. Çünki görünən odur ki, Trampın Rusiya qarşısında götürdüyü müəyyən öhdəliklər var və o, Qərbin Ukraynaya dəstəyini tamamilə kəsməyə çalışır. Bu kontekstdə R Trampın dövründə ABŞ-nin qarşısında dayanan Avropadakı əsas güc olacaq” deyə Z.Əmrəliyev bildirib.
Qeyd edək ki, fevralın 24-də ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla Ağ Evdə görüşüb. Müzakirələr əsasında belə qənaətə gəlinib ki, Ukrayna münaqişəsi yaxın bir neçə həftə ərzində həllini tapa bilər. ABŞ Ukrayna münaqişəsinin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyinə diqqət çəkib, lakin buna yol verməyəcəklərini bildirib.
Qiymət Mahir
tag: Fransa,ABŞ,Donald Tramp,Siyasət,todaypress.az,
