Tramp İranla nüvə danışıqları yolunda: Tehranın cavabı NƏ OLACAQ? – Proqnoz

Təhlil

11.02.2025 18:43

1291

“Tramp İranla nüvə danışıqlarının yenidən başlamasını istəyir”.

Politoloq Turan Rzayev ABŞ Prezidenti Donald Trampın “New York Post”a müsahibəsi zamanı İranla bağlı dediyi fikirləri TodayPress-ə şərh edərkən bildirib. 

“Trampın bu məsələdə səmimi olduğunu demək olar. Məsələ belədir ki, İran uranı zənginləşdirərək nüvə silahı əldə etmək istəyir. Qeyri-rəsmi məlumatlara görə, artıq əldə edib. Tehran bunu böyük ehtimalla İsrail təhdidi və İraqa edilən tərzdə bir beynəlxalq müdaxilə ehtimalı üçün özünümüdafiə məqsədi ilə edir. İsrail isə İranın nüvə silahını əldə etməsini istəmir. Digər tərəfdən, Tehranın hazırkı mərhələdə zəiflədiyini nəzərə alıb, son zərbəni vurmaq istəyir”.

Analitik diqqətə çatdırıb ki, indiki məqamda total müharibə ABŞ-yə lazım deyil. Ona görə də Tramp İrana xəbərdarlıq edərək “Bunu cəhənnəm bombardmanından üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir. Əgər biz razılığa gəlsəydik, İsrail onları bombalamazdı” deyib: 

“Tramp açıq şəkildə İrana “qamçı və kökə” təklif edir. Yəni ya qeyri-nüvə sazişi bağlanacaq, ya da İran-İsrail müharibəsi başlayacaq. Təbii ki, belə olduğu təqdirdə ABŞ də müharibənin bir parçası olacaq”.

Politoloqun fikrincə, Trampın yanaşması sadədir. İrana müzakirə imkanı tanımır: ya “razılaş, ya da razılaş” tələbi var. Buna görə də İran məsələyə birmənalı mövqe sərgiləmir. İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib ki, Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirmədiyi üçün Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil. 

T.Rzayevin qənaətincə, mövcud reallıqlar çərçivəsində İranla qeyri-nüvə sazişinin imzalanması çətin, hətta mümkünsüzdür. 

“Tərəflər arasında kəskin fikir ayrılığı var. Tramp total savaşdan yayınsa da, İsraillə İran arasında müharibə qaçılmazdır. Bu, 2025-ci ildə, və ya yaxın 4 il ərzində baş verə bilər. Təl-Əviv bunun Tramp dövründə başlayıb-bitməsini istəyir. Tramp İsraili sakitləşdirmək üçün Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini də təklif edib. Lakin bu “mükafat”ın Təl-Əvivi dayandıracağını düşünmürəm” deyə o fikrini sonlandırıb.

Töhfə Səməd

tag: ABŞ,Tramp,İran,İsrail,Politoloq,Turan Rzayev,Todaypress.az,

photo