Təzyiqlərə adekvat cavab: “Azərbaycana qarşı qərəzli siyasət hər zaman olub” – TƏHLİL

Təhlil

09.04.2025 17:45

113

“Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırılmış siyasət yürüdür”. 

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Azərbaycan heç vaxt böyük güclərin əlində alətə çevrilmir. Buna görə də, Azərbaycanın müvafiq mövqeyi bəzi dövlətlərin maraqlarına uyğun gəlmir.

“Cənubi Qafqazda ABŞ ilə Rusiyanın maraqları toqquşur. Region iki ölkə arasında gedən siyasi və iqtisadi savaşın episentrinə çevrilib. Bu baxımdan Azərbaycanın balanslaşdırılmış siyasəti Birləşmiş Ştatların, yəni Qərbin maraq darəsində deyil. Azərbaycanın bu siyasətinə qarşı başda ABŞ olmaqla Avropanın bəzi dövlətləri aqressiv davranış sərgiləyir. Biz bunu Cozef Baydenin hakimiyyəti dövründə açıq şəkildə görmüşük”.

Analitik diqqətə çatdırıb ki, Ermənistan 30 ilə yaxın Azərbaycanın torpaqlarını işğal edib. Bu işğal BMT-nin dörd qətnaməsi ilə tanınıb. Çox təəssüf ki, ABŞ işğalçı tərəfə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən dəstək verib. Hətta 907-ci düzəlişi tətbiq etməklə işğalçıya dəstək, işğala məruz qalan Azərbaycana isə təzyiq göstərib. 

“Rəsmi Bakı hər zaman belə təzyiqlərə adekvat cavab verib. Azərbaycan öz işğal olunmuş torpaqlarını azad etmək üçün beynəlxalq hüququ əsas meyyar götürərək öz mövqeyini açıq şəkildə böyük dövlətlər qarşısında qaldırıb və milli maraqlarından geri çəkilməyib. Ümumilikdə Bayden hakimiyyəti dövründə biz Azərbaycana qarşı haqsızlığı açıq şəkildə gördük. Azərbaycan ABŞ ilə də balanslaşdırılmış siyasət yürüdüb. Xüsusilə də Ağ Evin Əfqanıstanda apardığı siyasətlə əlaqədar NATO çərçivəsində əməkdaşlığımızı davam etdirmişik. Bir çox sahələrdə, o cümlədən Avropanın əksər dövlətləri ilə iqtisadi və siyasi maraqlarımızı uzlaşdırmışıq. Bunlara baxmayaraq, Azərbaycana qarşı qərəzli siyasət hər zaman mövcud olub”. 

İnstitut rəhbəri diqqətə çatdırıb ki, Azərbaycana davamlı olaraq təzyiq edilib ki, Ermənistana güzəştə getsin.

Təbii ki, Azərbaycan öz torpaq və milli maraqlarını nəzarə alaraq bu növ təzyiqlər qarşısında heç vaxt boyun əyməyib və 44 günlük savaşda da bunu bir daha təsdiqləyib.

A.Məsiyevin fikrincə, Azərbaycanın beynəlxalq hüquqa söykənən xarici siyasəti Birləşmiş Ştatların yeni administrasiyası tərəfindən düzgün qiymətləndiriləcək. 

Töhfə Səməd

tag: Azad Məsiyev,Politoloq,Azərbaycan,Qərəzli,Siyasət,ABŞ,Rusiya,Cənubi Qafqaz,Todaypress.az,

photo