Ter-Petrosyanın CİNAYƏT ETİRAFLARI: Ermənistanın Qərbi Azərbaycan İcmasına cavabı nə olacaq?

Təhlil

08.01.2025 18:07

“Bu günə qədər  Qərbi Azərbaycan İcmasının müraciətləri indiki Ermənistan siyasi rəhbərliyi tərəfindən cavabsız qalır”.  

Millət vəkili Naqif Həmzəyev bunu TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, hələ də Ermənistanın siyasi rəhbərliyi özündə cəsarət taparaq Azərbaycan xalqından, Azərbaycan dövlətindən üzr istəmir. Törətdikləri cinayətlərə görə təzminat ödəməkdən boyun qaçırır, etdiyi hərbi cinayətləri dilə gətirməkdən yayınır:

“Bu günə qədər Qərbi Azərbaycan İcmasının müraciətləri indiki Ermənistan siyasi rəhbərliyi tərəfindən cavabsız olaraq qalıb. Ancaq biz unutmamalıyıq ki, Ermənistanın ilk üç prezidentləri azərbaycanlılara qarşı törədilmiş bütün cinayətlərin  bu və ya digər formada iştirakçısıdır, və ya əmr verənidir. Bundan bir neçə gün öncə Ermənistanın tanınmış videobloqeri Albert İsakovun özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ter-Petrosyan o videodakı çıxışında Azərbaycanlılara qarşı deportasiya həyata keçirdiklərini və Azərbaycanlıları həm indiki Ermənistan ərazisindən, sonradan isə Qarabağ ərazilərindən tamamilə uzaqlaşdırdıqlarını dilə gətirib. Bu çıxışdan da bir daha əmin oluruq ki, ermənilər azərbaycanlılara qarşı deportasiya və soyqırım siyasəti həyata keçirdiblər. Onsuzda bizim əlimizdə faktlar var və dünya ictimaiyyəti çox gözəl bilir ki, Azərbaycan torpaqlarında bir Ermənistan dövləti yaradılıb və bu dövlətin yaradılma məqsədi nədir və nəyə xidmət edir. Bu gün də Ermənistanın uydurma “dənizdən-dənizə böyük Ermənistan” ideologiyası artıq iflasa uğrayıb”. 

Deputat diqqətə çatdırıb ki, uzun illərdir azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salan, onlara qarşı deportasiya və soyqırım siyasəti həyata keçirən erməni daşnak siyasəti artıq öz əhəmiyyətini itirməkdədir. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməklə bu siyasətin qarşısını kəsib və erməni xülyasını bir növ məhv edib: 

“Ancaq buna baxmayaraq, hələ də erməni diasporu və erməni lobbiçləri bu ideologiyanı davam etdirirlər. Onlar bu gün də özlərində cəsarət taparaq törətdikləri əməllərə görə üzr istəmək niyyətində deyillər. Azərbacanlılara, türklərə qarşı soyqırım və deportasiya siyasəti həyata keçirsələr də, onlar yanlış qondarma erməni soyqırımını tirajlamaq və yaymaqla məzlum erməni siması formalaşdıraraq dünya ictimaiyyətindən hələ də dəstək ala bilirlər.  

Ancaq istənilən halda reallıq ondan ibarətdir ki, ermənilərin özləri də uzun illərdir azərbaycanlıları və türkləri bu torpaqlardan təmizləmək və burada monomillətli bir dövlət yaratmaq istədiklərini etiraf edir. Hazırda buna nail olublar. Ancaq bütün bunlara baxmayaraq, Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdış hüquqları var və onlar gec-tez öz torpaqlarına qayıdacaqlar. Çox sevindirici haldır ki, Azərbaycan dövləti və Azərbaycan Prezidenti Cənab İham Əliyev uzun illərdir ki, azərbaycanlıların öz dədə-baba yurduna qayıtması üçün bu məsələləri siyasi gündəliyə gətirir. Qərbi Azərbaycan İcması daha da güclənib. Bu gün Qərbi Azərbaycanla birbaşa əlaqəsi olan və olmayan bütün azərbaycanlılar Qərbi Azərbaycandan olan şəxslərin öz yurduna qayıtması üçün birlikdə səy göstərirlər. Gec-tez Qərbi Azərbaycanlıların bütün hüquqları bərpa olunacaq.  Ermənistan siyasi rəhbərliyi gec olmadan özündə cəsarət tapmalı, Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşməli, onların çağırışlarını təmin etməlidir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Qərbi azərbaycanlıların təhlükəsizlik şəraitində öz evlərinə qayıdacağını vurğulayıb. Qərbi Azərbaycan İcması isə yanvarın 8-də yaydığı bəyanatda dəstəyə görə Cənab Prezidentə təşəkkür edib.

Günəş Mərd

tag: Ermənistan ,Albert İsakov, Qərbi Azərbaycan ,Naqif Həmzəyev, todaypress.az,

photo