Təl-Əvivin narahatlığı artır: “Türkiyənin Suriya planı İsraili hərəkətə gətirəcək” – ŞƏRH

Təhlil

08.04.2025 13:10

32

“Son günlərdə Türkiyə ilə İsrail arasında münasibətlərdə gərginlik açıq şəkildə müşahidə olunur. Bu gərginliyin kökündə İsrailin Suriyada həyata keçirdiyi əməliyyatlar və Ankaranın bölgədəki artan hərbi fəallığı dayanır”.

Bu fikirləri TodayPress-ə açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Ekspert qeyd edib ki, İsrailin son əməliyyatlarının hədəfində Türkiyə dayanır:

“İsrail üçün xüsusilə narahatedici məqam Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və onun yerinə Əhməd əş-Şaranın hakimiyyətə gəlməsidir. Bu şəxsin Türkiyə tərəfindən dəstəklənməsi isə Təl-Əvivdə ciddi şübhələrə yol açır. İsrail hesab edir ki, Türkiyə Yaxın Şərqdə öz maraqlarını reallaşdırmağa çalışır və bu, Təl-Əvivin maraqları ilə toqquşur. Suriya və Fələstin məsələlərində İsrailin mövqeyi bu narahatlığın nəticəsidir”.

Politoloqun fikrincə, bu vəziyyət ABŞ ilə İsrail arasında yeni koordinasiyalı addımların atılmasına gətirib çıxarıb:   

“İsrail hökuməti Tramp administrasiyası ilə Türkiyəyə “F-35” qırıcılarının satışına mane olmaq məqsədilə danışıqlara başlamağı qərara alıb. Bunun arxasında da İsrailin strateji maraqları dayanır. Hazırda Təl-Əvivin ən çox narahat olduğu məsələ Türkiyənin Suriyada hərbi baza inşa etmək planıdır. Xüsusilə “T4” hərbi aerodromunun ətrafına endirilən aviazərbələrin məqsədi də Türkiyənin bu niyyətinin qarşısını almaq olub”.

Z. Əmrəliyev bildirib ki, İsrailin müdafiə nazirinin Suriya rəhbərliyinə yönəlmiş təhdid dolu bəyanatları da bu planla bağlıdır:

“İsrail açıq şəkildə Türkiyənin Suriyada hərbi mövcudluğunu qəbul etmək istəmir və buna qarşı müqavimət göstərməyə çalışır. Təl-Əvivin bu siyasəti təkcə hərbi deyil, həm də diplomatik vasitələrlə həyata keçirilir. Böyük ehtimalla, İsrail Türkiyəyə qarşı təzyiqlərini davam etdirəcək və ABŞ ilə razılaşdırılmış şəkildə Türkiyənin Suriyadakı mövqelərini zəiflətməyə çalışacaq. Türkiyənin buna necə reaksiya verəcəyi və bölgədəki strategiyasını necə dəyişəcəyi isə yaxın zamanda aydınlaşacaq”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Türkiyəyə “F-35” qırıcılarının satışına mane olmaq məqsədilə danışıqlara başlamaq fikrindədir.

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,İsrail,Türkiyə,Todaypress.az,

photo