Tehran Trampın hədəfində: İran ikinci Əfqanıstan olacaq? - ANALİZ

Təhlil

18.03.2025 18:03

2422

“Trampın ABŞ qoşunlarına Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar etmək əmri, Azərbaycan məsəli ilə desək, “Qızım, sənə deyirəm, gəlinim sən eşit” məntiqinə söykənir. Tramp və komandasından verilən açıqlamalarda əsl hədəfin İran olduğu vurğulanır”.

Politoloq Turan Rzayev bunu TodayPress-ə danışarkən deyib.

O, ABŞ prezidenti Donald Trampın əmri ilə ölkə donanmasının martın 15-dən etibarən Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar təşkil etməyə başlamasını belə şərh edib:

“Tramp deyib ki, “husilərin atdığı hər bir güllə bundan sonra İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək”. İranın BMT-dəki daimi nümayəndəliyi isə bəyan edib ki, ölkəyə istənilən təcavüz aktının nəticələri olacaq və buna görə ABŞ məsuliyyət daşıyacaq. Aydın məsələdir ki, Trampı nə Yəmən, nə buradakı xalq, nə də husilər maraqlandırır. Düzdür, husilər son illərdə İsrailə zərbələr vururaq, ya da Ədən körfəzində beynəlxalq ticarəti iflic nöqtəsinə gətirəcək səviyyədə ciddi aktlar gerçəkləşdirib. Lakin bunlara baxmayaraq, ABŞ əməliyyatlar keçirmək kimi radikal addım atmamışdı. Trampın ABŞ qoşunlarına Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar etmək əmri, Azərbaycan məsəli ilə desək, “Qızım, sənə deyirəm, gəlinim sən eşit” məntiqinə söykənir. Çünki Tramp və komandasından verilən açıqlamalarda əsl hədəfin İran olduğu vurğulanır”.

Ekspert qeyd edib ki, Trampın niyyəti İranla müharibə, ya da bu ölkəyə müdaxilə deyil. Onun sözlərinə görə, Tehran dini ideologiya əsaslı müharibə vəziyyətinə keçə bilər:

“Sirr deyil ki, İran ən zəif halı ilə belə bu kimi müdaxiləyə qarşı ölüm-dirim savaşına başlayacaq. Daha dəqiq desək, Tehran dini ideologiya əsaslı müharibə vəziyyətinə keçə bilər. Belə olduqda isə İran ABŞ üçün ikinci Əfqanıstan olar. İran-ABŞ qarşıdurması və bu ölkəyə beynəlxalq koalisiyanın hərbi müdaxiləsi İsrailin planıdır. Təl-Əviv hər vəchlə çalışır ki, buna nail olsun. Amma Tramp son ana qədər bu versiyadan yayınmaq istəyir. Trampın hədəfi İranı nüvə sazişinə məcbur edib, prosesi səngitməkdir. Belə olarsa, Vaşinqton İsrailin tələblərini bloklaya bilər. Lakin Tehranın mövqeyi, xüsusilə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin geri addım atmaması gərginliyi artırır”.

T. Rzayev düşünür ki, rəsmi Tehranın nüvə sazişinə qayıtmayacağı təqdirdə, gec-tez İrana qarşı vaxtilə İraqda olduğu kimi beynəlxalq koalisiyanın iştirakı ilə hərbi müdaxilə qaçılmazdır. 

Qiymət Mahir

tag: İran,ABŞ,Donald Tramp,Qarşıdurma,Təhlil,Turan Rzayev,todaypress.az,