Tbilisi-Moskva münasibətində buzlar əriyir: Abxaziya Rusiyanın əlindən çıxır? - POLİTOLOQ ŞƏRHİ

Təhlil

21.11.2024 15:50

“Hazırda Abxaziyada baş qaldıran hadisələr Rusiya-Gürcüstan, adı çəkilən “Respublika”nın Avropa İttifaqı (Aİ), eləcə də Gürcüstanla münasibətlərinə təsir göstərə bilər. Zahirən “Respublika”da baş verənlər anti-Rusiya hadisəsidir”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib. 

Onun sözlərinə görə, indi müxalifət Abxaziyanın istefa vermiş “prezidenti” Aslan Bjaniyanın investisiya haqqında qəbul etdiyi qanuna qarşı çıxır:

“Hesab edirlər ki, bu qanun vasitəsilə rusiyalı iş adamları, Rusiya vətəndaşları “Respublika”da böyük torpaq sahələrinə malik ola bilər. Nəticədə onları geri qaytarmaq mümkün olmayacaq. Bir sözlə, Rusiyanın Abxaziya ərazisini ələ keçirəcəyini fikirləşirlər. Abxaziyanın yenidən gündəmə gəlməsinin də səbəbi məhz budur. Müxalifət bu qanunun qəbuluna qarşı aksiyalar keçirdi. 

Lakin digər tərəfdən Rusiya da artıq Abxaziyanı saxlaya bilmir. “Respublika”nın turizim imkanlarından istifadə etmək, turistlərin regiona gəlişini təmin etmək olduqca problemlidir. Abxaziyaya turist kimi gedənlərin dünyanın digər ölkələrinə girişi qadağandır. Yəni Abxaziya turizmdən qazanc əldə etmək imkanından məhrumdur. Bu isə Rusiya üçün faydalı deyil”. 

Analitik xatırladıb ki, Bjaniya və Baş nazir istefa verdiyinə görə, indi “Respublika”ya vitse-prezident rəhbərlik edir. Bundan başqa, Gürcüstanda keçirilən son seçkilərdə Rusiya yönümlülərin qələbə qazanması da regionda kartların yenidən dağıdılmasına gətirib çıxarıb. Politoloqun fikrincə, yaxın gələcəkdə Tbilisi ilə Suxumi arasında münasibətlərin normallaşması başlaya bilər. Ola bilər ki, bu məsələdə Rusiya da vasitəçilik etsin.

Sədrəddin Soltan sonda diqqətə çatdırıb ki, Abxaziyada qurulacaq yeni “hakimiyyət” ilk növbədə Tbilisi ilə münasibətləri bərpa etməyə çalışacaq: 

“Gürcüstan hakim partiyası seçkiqabağı kampaniya zamanı bəyan etmişdi ki, ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərdən vazkeçməyəcəklər. Qarşı tərəflə suverenliyin bərpa olunması üçün danışıqlara hazır olduqlarını bildirmişdi. Bu istiqamətdə perspektivdə Rusiya və Gürcüstan arasında danışıqların aparılması mümkündür. Çünki Rusiya Gürcüstanı Qərbə meyillənməsinin qarşısını almaq üçün ilk növbədə onun ərazi bütövlüyünün təmin edilməsinə yardım göstərməlidir”.

Analitik sonda qeyd edib ki, bütün hallarda regionda vəziyyətin dinc yolla həlli Tbilisi ilə münasibətləri normallaşdırmaqdan başlayır.

Töhfə Səməd

tag: Abxaziya, Rusiya, Ukrayna, Tbilisi, Aİ, Hakimiyyət, todaypress.az,

photo