Suriyada yenidənqurma: “Azərbaycan şirkətləri də Suriyada quruculuq işlərinə qatıla bilərlər” – RƏY

Təhlil

07.02.2025 16:33

2387

“Suriya mövcudluğunu təsdiqləyəndən sonra burada yenidənqurma işləri bütün sahələrdə təşəkkül tapmalıdır ki, o, əvvəlki kimi vahid dövlət olsun”. 

Politoloq Tofiq Abbasov bunu Suriyadakı yenidənqurma prosesini TodayPress-ə şərh edərkən deyib. 

Analitik qeyd edib ki, hazırda bu ölkənin qarşısında çoxsaylı problemlər durur. Bunlar iqtisadi, humanitar, sosial, su təminatı, ərzaq çatışmazlığı və s. ilə bağlı problemlərdir. Bu problemləri həll etmək üçün hökumət strukturları canlı orqanizm kimi fəaliyyətə başlamalıdır:

“Burada əsas problemlərdən biri də vaxtilə qaçqın düşən 5 milyon suriyalının vətənə qayıtmağa başlamasıdır. Bu, onların hüququdur. Amma Suriyada yaşayış məntəqələrinin bir çoxu dağıntı içindədir. Onları bərpa etmək lazımdır”.   

T.Abbasov Suriyada məskunlaşan çoxsaylı silahlı dəstələrə də diqqət çəkib. O qeyd edib ki, sözügedən silahlı dəstələr müxtəlif dini təşkilatlarla əlaqəlidirlər və siyasi dairələrlə münasibətləri var. Onlar ilk növbədə silahı yerə qoymalıdırlar, çünki silahla münasibətlər həllini tapmır. Əksinə, hər şey olduğundan daha pis vəziyyətə düşür. Ekspert Suriya-Azərbaycan münasibətlərindən də söz açıb: 

“Türkiyə ilə Suriyanın yeni hökuməti arasında münasibətlər genişlənir. Digər tərəfdən, burada qarşılıqlı etimad da özünü göstərir. Azərbaycan Türkiyənin ən vacib strateji tərəfdaşıdır. Bu baxımdan Azərbaycan şirkətləri də Suriyada quruculuq bərpa işlərinə qatıla bilərlər. Bizim Qarabağda quruculuq işləri kimi bir təcrübəmiz var. 44 günlük müharibədən sonra Azərbaycan bu proseslərə ciddi şəkildə yanaşır. İşğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı böyük proqram işlənilib. Burada həm qayıdış həyata keçirilir, həm də şirkətlərimiz və tərəfdaşları işğaldan azad olunmuş ərazilərində quruculuq-bərpa işləri aparır. Bu, özlüyündə böyük təcrübədir. Suriya isə imkanlarımızdan yararlana bilər. Bunun üçün münbit şərait var, sadəcə Suriyanın daxilində sakitliyin bərqərar olunması vacibdir. Düşünürəm ki, yeni hökumət məhz bu problemin üzərində işləyir”.

Qiymət Mahir

tag: Suriya,Yenidənqurma,Tofiq Abbasov,Politoloq,Türkiyə,Siyasət,Todaypress.az,

photo