Suriya-YPG razılaşması: Qərar Türkiyəyə nə vəd edir? – ŞƏRH
“YPG terror qruplaşması Suriyada öz muxtariyyətini qurur. Bu isə Türkiyə üçün risk yaradır”.
Politoloq Turan Rzayev bunu Suriyanın keçid hökuməti ilə YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında baş tutan razılaşmanı TodayPress-ə şərh edərkən deyib.
O diqqətə çatdırıb ki, razılaşmaya əsasən, YPG dövlət qurumlarında təmsil olunacaq. Sərhəd-keçid məntəqələri, hava limanları, neft və qaz sahələri və digər bütün təsisatlar isə dövlətin nəzarətinə veriləcək.
“8 maddəlik razılaşmaya görə, YPG Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək. Suriya keçid dövrü prezidenti Əhməd əş-Şara ölkədə mərkəzi hakimiyyət qurmağa çalışır, lakin prosesi nə qədər uğurlu aparması mübahisəlidir. Bundan başqa, YPG ilə razılaşma Suriya üçün müsbət nə isə vəd etmir. İlk növbədə YPG terror təşkilatıdır. Fəaliyyəti həm beynəlxalq hüquqa, həm də Suriya konstitusiyasına ziddir. Digər tərəfdən, bu günə dək YPG-nin nəzarət etdiyi ərazilərdəki fəaliyyəti qanunsuz idisə, təşkilat bundan sonra dövlət qurumlarında təmsil olunacaq. Sərhəd-keçid məntəqələri, hava limanları, neft və qaz sahələri və digər bütün təsisatların dövlətin nəzarətinə veriləcəyi deyilsə də, YPG-nin sözündə durub-durmayacağı şübhəlidir. Həmçinin YPG-nin öz hərbi birləşmələri var. İllərdir ABŞ tərəfindən dəstəklənən təşkilat Suriya ordusundan daha yaxşı silahlara sahibdir. YPG-nin hərbi qanadı özünü buraxmalı olduğu halda razılaşmaya görə, Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək. YPG-nin hərbi qanadı qaldığı müddətdə isə Suriya üçün hər zaman vətəndaş müharibəsi təhdidi qalacaq".
Ekspertin fikrincə, bu razılaşma ilə YPG-nin mədəni muxtariyyət əldə etdiyini deyə bilərik. YPG Suriya parlamentində, dövlətdə təmsil olunacağı üçün mədəni muxtariyyət qısa zamanda siyasi, nəhayətində isə respublika tipində yüksək muxtariyyətə keçid edəcək.
“Nəticə etibarilə Suriya keçid hökuməti və YPG terror qruplaşmasının başçılıq etdiyi SDQ arasında imzalanan razılaşma sənədi Suriya üçün müsbət nəsə vəd etmir”.
Qeyd edək ki, sözügedən razılaşma martın 10-da Suriya hökuməti ilə YPG terror qruplaşması arasında imzalanıb.
Sənədi imzalayan tərəflər – YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti əş-Şaraa cəmiyyətin bütün komponentləri arasında parçalanma, nifrət nitqini rədd ediblər.
İcra komitələri bu müqavilənin həyata keçirilməsi üçün cari ilin sonunadək çalışacaqlar.
Töhfə Səməd
tag: Turan Rzayev,Politoloq,Suriya,Razılaşma,YPG,Todaypress.az,
