Sülhün yoluna daş qoyan “konstitusiya”: Ermənistan “daşı ətəyindən tökmək” istəyir? – ŞƏRH
“Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi qəsdən ləngidilir. Çünki 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və bu seçkilərin ölkədə parlament respublikası sisteminin sonuncu seçkisi olacağı müzakirə edilir”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib.
O izah edib ki, sülh müqaviləsinin mətninin razılaşdırılması sülh müqaviləsinin tam şəkildə imzalanacağı anlamına gəlməməlidir, çünki Ermənistan Konstitusiyasında yer alan müvafiq maddələrin dəyişdirilməsi kimi öz həllini tapmalı olan məsələlər mövcuddur:
“Rəsmi Bakı bölgədə uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasını istəyir. Azərbaycan üçün əsas olan məhz budur. Buna qarşılıq olaraq, Ermənistan isə sülh müqaviləsini tez imzalamağa çalışır və bunun üç əsas səbəbi var. İlk olaraq, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını istəyir və eyni zamanda Azərbaycanla regional kommunikasiyalarda iştirak edərək öz bərbad vəziyyətdə olan iqtisadiyyatını dirçəltməyə çalışır. İkincisi, sülh müqaviləsinin imzalanması Ermənistanın Qərbə doğru inteqrasiya prosesində ona ciddi üstünlük qazandıra bilər. Digər səbəb isə daxili hakimiyyəti gücləndirmək istəyidir. Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalayaraq ölkədaxili problemlərə fokuslanmaq və ordu, bürokratik aparat üzərində nəzarətini möhkəmləndirmək istəyir”.
Qeyd edək ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin mətni üzərində razılığa gəlindiyi bəyan olunsa da, indi Ermənistan ölkə konstitusiyasına düzəlişlər etməlidir. Sənədi imzalamaq üçün Bakının əsas tələbi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsdləri aradan qaldırmaq üçün Ermənistan konstitusiyasına əlavə və dəyişikliklərin edilməsidir. Ekspertlər hesab edirlər ki, Baş nazir Nikol Paşinyanın əsas vəzifəsinin 2026-cı ilə təyin edilmiş parlament seçkilərinə hazırlaşmaq olduğunu nəzərə alsaq, Ermənistanda konstitusiya referendumu elə 2025-ci ildə keçirilə bilər.
Qiymət Mahir
tag: Azərbaycan,Ermənistan,Sülh,Zeynal Əmrəliyev,Təhlil,todaypress.az,