Sülhün yoluna “daş qoyan” 3 bənd: Rəsmi Bakı geri çəkilməyəcək! - ŞƏRH
Təhlil
12.09.2024 16:26
“Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan 16 maddəlik sülh müqaviləsinin 13 bəndinin razılaşdırıldığı iddia olunur. Hələki razılaşdırılmayan üç maddə ilə bağlı bir sıra variantlar mövcuddur”.
Politoloq Turan Rzayev bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, sözügedən bəndlərdən biri Ermənistan konstitusiyasının dəyişilməsi ilə bağlıdır:
“Bu, rəsmi Bakının sülh müqaviləsi ilə bağlı başlıca şərti və prioritetidir. Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiaları olan, habelə, sülh müqaviləsinə bürokratik əngəllər yaradacaq bəndlər dəyişdirilməlidir. Razılaşdırılmayan digər bənd 10 noyabr bəyanatında göstərilən və bu günə qədər icra edilməyən maneəsiz hərəkət prinsipi məsələsidir. Çünki Azərbaycan Zəngəzurun dəhliz prinsipi, Ermənistan tərəfi isə yol prinsipi ilə açılmasını istəyir. Bu baxımdan da vahid razılıq yoxdur”.
Analitikin sözlərinə görə, tərəflərin hələ də razılığa gələ bilmədiyi növbəti məsələ çox güman ki, delimitasiya və demarkasiya ilə bağlıdır:
“Çünki iki ölkə arasında prosesi Ermənistan güzgü prinsipi əsasında, Azərbaycan isə konkret xəritələr əsasında icrasını istəyir. Eyni zamanda üçüncü məsələ esklav və anklavların taleyi məsələsi ola bilər. Bunun konkret hansı təcrübə ilə həyata keçiriləcəyi bilinmir. Adətən bu tip məsələlərdə bir sıra beynəlxalq variantlar nəzərdən keçirilir. Məsələn, qarşılıqlı anklav esklavların dəyişdirilməsi və yaxud qarşılıqlı imtina edilməsi və yaxud tamam başqa bir variantdan istifadə oluna bilər”.
Siyasi şərhçi hesab edir ki, sadalanan üç məsələdən ən vacibi Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Rəsmi Bakı sülh müqaviləsi imzalanana kimi bunu qətiyyətlə tələb edəcək.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambulanın tam razılaşdırıldığını bildirmişdi.
Günəş Mərd
tag: Azərbaycan, Zəngəzur, Ermənistan, Sülh, Müqavilə, Şərtlər, todaypress.az,
![photo](/uploads/news/66e2d7508291b.jpg)