Sülhün alternativi yeni eskalasiyadır: Ermənistanın seçimi nə olacaq? - Politoloqdan açıqlama
Təhlil
09.10.2024 13:50
“Sülhə əngəl olan əsas məsələ Azərbaycanın haqlı tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməməsidir. Rəsmi İrəvan həmin tələbləri yerinə yetirmədikcə sülh sənədi imzalanmayacaq”.
Politoloq Natiq Miri bunu Moskvada Paşinyanın Azərbaycanla sülh müqaviləsi haqda səsləndirdiyi fikirləri TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan razılaşdırılmış məqamlardan danışsa da, onların hüquqi təminatından qətiyyən söz açmayıb. Təminat olmayan istənilən sülh sənədi kağız parçasından başqa bir şey deyil:
“Bu hüquqi təminat Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasının aradan qaldırılmasıdır. Ermənistan belə bir konstitusiya dəyişikliyi ilə bağlı referendumun yanlız 2027-ci ildə keçiriləcəyini bəyan edir. Bu, o deməkdir ki, 2027-ci ilə qədər heç bir sülh sənədi imzalanmayacaq. Sülhün alternativi də yeni eskalasiya, toqquşmadır. Seçim Ermənistanındır”.
Analitik diqqətə çatdırıb ki, Ermənistan hələ də havadarlarının çaldığı hava ilə oynayaraq, təhlükəsizliyini riskə atır. Ermənistanın təhlükəsizliyi isə onun qonşu olduğu region dövlətləri ilə bilavasitə əlaqəlidir:
“Qonşu, həmsərhəd olduğun dövlətlərlə sülh şəraitində yaşamasan, 10 min kilometrdən kimsə gəlib sənin təhlükəsizliyini təmin etməyəcək. Paşinyan özü də bu gerçəkliyi dilə gətirir, amma əməldə nala-mıxa vurur. Paşinyanın sülhlə bağlı səsləndirdiyi fikirlər sadəcə beynəlxalq ictimai rəyi aldatmağa xidmət edir. Əgər bu 3 bəndi yerinə yetirməyəcəkdinizsə, niyə 16 bəndlik bir sülh sənədinin hazılanmasına razılıq verdiniz? Rəsmi İrəvan bu sualın da cavabını verməlidir”.
Politoloq hesab edir ki, “erməni xalqı Azərbaycanla sülh istəyir ya yox?” sualına aydınlıq gətirmək üçün Paşinyan höküməti tezliklə referendum keçirməlidir. Əgər sülh əvəzinə müharibəyə üstünlük verirlərsə, bunu açıq formada bəyan etməlidirlər ki, biz də buna uyğun davranaq.
Qeyd edək ki, oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıblar. Prezident İlham Əliyev konkret vaxtla bağlı suala “Hər şey razılaşdırılanda” cavabını verib. Nikol Paşinyan isə bildirib ki, o, artıq öz təkliflərini təqdim edib.
Günəş Mərd
tag: Sülh, Azərbaycan, Ermənistan ,Paşinyan,MDB,Moskva,todaypress.az,
![photo](/uploads/news/67064de118b7c.jpg)