“Sülhpərvər” Baş nazirin növbəti fiaskosu: Ermənistan danışıqlar prosesini dayandırıb? – ŞƏRH

Təhlil

11.02.2025 14:01

2064

“Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən hiyləgərliyini büruzə verir. Xüsusilə son vaxtlar ölkənin hərbiləşdirilməsini, çox qatı militarizasiya siyasətinin yürüdülməsini tamamilə səhv arqumentlərlə əsaslandırmağa çalışır”. 

Politoloq İlyas Hüseynov bunu TodayPress-ə danışarkən deyib. 

O, qeyd edib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası, hücum planı, hərbi təxribat ssenarisi yoxdur. Lakin Paşinyan Azərbaycandan “gələ biləcək təhdid” fikrini siyasi dövriyyəyə buraxaraq öz havadarlarından silah almağa çalışır və bu siyasi xətti yürütməkdə maraqlıdır: 

“Digər tərəfdən Fransa, Hindistan, ABŞ, Yunanıstan kimi dövlətlər də erməni hiyləgərliyinə boyun əyirlər və Ermənistana silah göndərilməsi prosesi davam edir. Eyni zamanda, Azərbaycanla sərhəddə mühəndis-istehkam işlərinin aparılması, fortifikasiya qurğuları, səngərlər, hərbi bazalar tikilir. Şübhəsiz ki, bunu sülhlə əlaqələndirmək mümkün deyil”.

Analitik sülh müqaviləsinin mətninin müzakirəsi ilə bağlı prosesdə də irəliləyiş olmadığını diqqətə çatdırıb:

“Ermənistan danışıqlar prosesini dayandırıb, gücü hərbi-strateji üstünlük əldə etməyə yönəldib. Belə olan halda Paşinyan özünü “sülhpərvər” Baş nazir kimi təqdim etməyə çalışır. Sanki Azərbaycan sülh müqaviləsi imzalamır və irəli sürdüyü tələblər sülhdən yayınmaq məqsədi daşıyır. Paşinyan belə düşüncələrini xarici ekspertlərin, ABŞ ştatlarında olan beyin mərkəzi nümayəndələrinin qarşısında ifadə edir”. 

İ.Hüseynov sonda Ermənistan tərəfindən yürüdülən siyasi kursun yanlış olduğunu, bunun əvəzinə real əməli-praktiki sülhə istiqamətlənən addımların atılmasının arzuolunan olduğunu qeyd edib:

“Azərbaycan sülhə sadiqdir. Ermənistan anlamalıdır ki, regional geosiyasi reallıqları dəyişə bilməyəcək. Dəyişmək cəhdləri həyata keçirilərsə, bu, Ermənistan dövlətçiliyi üçün böyük suallara və problemlərə gətirib çıxaracaq”.

Qeyd edək ki, Ermənistan Baş nazirinin 2025-ci il fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın guya Ermənistana qarşı “hücuma hazırlaşdığı” və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri yer alıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Paşinyanın məqaləsində yer alan iddiaları şərh edərkən bildirib ki, bu müsahibə dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.   

Qiymət Mahir

tag: Baş nazir,Ermənistan,

photo