Sülhə aparan 2 şərt: Paşinyanın hiyləgər bəyanatı nəyə hesablanıb? – ŞƏRH

Təhlil

27.02.2025 14:00

2308

“Rəsmi İrəvanın silahlara qarşılıqlı nəzarət təklif etməsi əslində Azərbaycanın Ermənistanın sürətlə silahlanmasına etiraz etməsi ilə bağlıdır”.     

Politoloq Natiq Miri bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun qənaətincə, müharibədən məğlub çıxmış bir ölkə sürətlə silahlana bilməz. Ən azından qalib ölkə, eyni zamanda beynəlxalq hüquq buna imkan verməli deyil. Bu, beynəlxalq təcrübədə də var:   

“Bu gün Rusiya-Ukrayna müharibəsi kontekstində sülhlə bağlı danışıqlar gedir. İşğalçı, təcavüzkar dövlətin Rusiya olmasına baxmayaraq, rəsmi Moskva özünü qalib hesab edir və Ukrayna qoşunlarının 800 mindən 100 minə endirilməsini tələb edir. Hər zaman belə olub, qalib ölkələr diqtə edir, qarşı tərəfin hərbsizləşdirilməsini və yaxud da hərbi qüvvəsinin minimallaşdırılmasını tələb edirlər. Beynəlxalq təcrübə də bunu deməyə əsas verir. Ona görə də rəsmi İrəvanın bu təklifi sadəcə olaraq əvəz çıxmaq istəyidir. Guya bu, narahatlığı aradan qaldırılmağın ən optimal yoludur. Ancaq belə deyil”.

Analitik diqqətə çatdırıb ki, nə qədər silahlanlansalar da, ermənilər və onların havadarları çox yaxşı bilirlər ki, Azərbaycanın bu yöndə imkanları daha böyükdür. 

Politoloq Avropa İttifaqının “Mülki müşahidə missiyası” adı altında Azərbaycanla sərhəddə fəaliyyət göstərən qeyri-rəsmi nümayəndə heyəti haqqında da danışıb.  Onun sözlərinə görə, bu missiya, Nikol Paşinyanın özünün təhlükəsizliyi ilə bağlı sığortasıdır: 

“Çünki o hələ də hesab edir ki, Avropa “müşahidəçi”lərinin sərhəddə olması və prosseslərə nəzarət yetirməsi eskalasiyanın qarşısını alır. Ancaq Azərbaycanın hər hansı bir təcavüz planı yoxdur. Çünki Azərbaycan istədiklərinə nail olub. Bu baxımdan avropalılar orada dursa da, durmasa da, rəsmi Bakı üçün əngəl deyil. Bundan başqa, həqiqətən də geosiyasi və geostrateji konkret hədəflər olduğu təqdirdə 200-ə yaxın “müşahidəçi”nin sərhəddəki mövcudluğu hər hansı əhəmiyyət kəsb etmir”. 

Natiq Miri vurğulayıb ki, bu məqamda məsələ təkcə Azərbaycanla məhdudlaşmır. Burada rəsmi Bakıdan savayı Rusiya amili var. Ermənistanı ən çox narahat edən məqamlardan biri də budur. Ona görə də Avropa qüvvələri "müşahidə missiyası" pərdəsi altında Ermənistanda yerləşiblər. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib. O açıqlayıb ki, tərəflər sərhəddə avropalı “müşahidəçi”lərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib. Bundan başqa, Paşinyan iddia edib ki, rəsmi Bakı İrəvanın silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi təklifini cavabsız qoyub. 

Töhfə Səməd

tag: Azərbaycan,Ermənistan,Sülh,Bəyanat,Təhlil,Todaypress.az,

photo