Sülhə açılan ATƏŞ: “Ermənistanın sərhəddə ard-arda təxribatlar törətməsində bir sıra şübhələr var...”
“Azərbaycanla Ermənistan arasındakı sülh sazişi üzrə layihənin mətninin yekunlaşması yaxşı bir perspektiv vəd edə bilərdi. Lakin bu məsələnin açıqlanmasından sonra Ermənistanın sərhəddə ard-arda təxribatlar törətməsi bir sıra şübhəli məqamlardan xəbər verir”.
Politoloq Aqşin Kərimov bu fikirləri TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın bu addımları bir neçə mühüm məqamı önə çıxarır:
“Ermənistan hələ də sülh gündəminə tam layiqli hərəkət etmədiyini bir daha nümayiş etdirir. Digər tərəfdən, Ermənistan sərhəddə təxribatlar törətməklə regionda marağı olan digər güclərin diqqətini çəkib, İrəvanın qorunmasına təminatlar almağa çalışır. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp Ermənistana yardım məsələsində kifayət qədər xəsislik nümayiş etdirir deyə Ermənistan Baş naziri Nikol Paşinyan bunun alternativlərini Rusiya, İran və Fransada axtarır. Paşinyanın həmin sülh gündəmi ilə bağlı Rusiya, İran və Fransa prezidentləri ilə danışması da eyni fikri təsdiq edə bilər”.
Analitik vurğulayıb ki, Azərbaycan regionda güclü mövqeyə malikdir və yaratdığı reallıqları heç bir ölkə dəyişə bilməz. Buna görə də Ermənistan Azərbaycan və Türkiyənin təqdim etdiyi strateji layihələrə tabe olmaq məcburiyyətini dərk etməlidir.
Əks təqdirdə Azərbaycan və Türkiyə regionda və beynəlxalq konyunkturada baş verən hadisələri diqqətlə izləyərək, preventiv tədbirlər görmək zərurətlərini praktikada göstərəcək.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 16-sı gün ərzində 3 dəfə - saat 09:45 radələrində Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən; 18:35 radələrində Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən; 20:10-dan 20:45-dək isə Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atəşə tutub.
Türkan İsgəndərli
tag: Politoloq,Aqşin Kərimov,Ermənistan,Azərbaycan,Şərh,Todaypress.az,
