Sülh müqaviləsinin 13 maddəsi razılaşdırıldı: Ermənistan konstitusiyasını dəyişdirəcək? - ŞƏRH
Təhlil
10.09.2024 11:53
“Azərbaycan sülh sənədi ilə bağlı təşəbbüskarı olduğu beynəlxalq hüququn tərkib hissəsi olan beş prinsip irəli sürüb və sülh sənədinin razılaşdırılan 13 maddəsi də təxminən bunun ətrafında mətn olaraq ortaya çıxıb”.
Politoloq Natiq Miri bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, burada qarşılıqlı olaraq ərazi bütövlüyünün, suverenliyin tanınması ölkələrin bir-birinin daxili işlərinə qarışmaması, hər hansı bir ərazi iddiasının olmaması və sülh danışıqlarının diplomatik yolla aparılması kimi bir çox məsələlər var:
“Bunların içərisində sərhədlərin müəyyənləşməsi və bütün kommunikasiyaların açılması məsələsi də var ki, bu da gəlcəkdə iki ölkə arasında normal münasibətlərin tənzimlənməsini, həm də diplomatik münasibətlərin qurulmasını təmin edir. Azərbaycanın təklif etdiyi bu beş prinsip sözlərə tökülərək yəni, içi doldurularaq müəyyən müddəa şəklinə salınıb. Burada sirli heç bir şey yoxdur”.
Analitik, tərəflər arasında imzalanacaq sülh sazişinin razılaşdırılmayan müddəlarına da diqqət çəkib:
“Sadəcə razılaşdırılmayan bir neçə müddəa var. Burada da əsas məqam Azərbaycanın Ermənistandan tələb etdiyi ölkə konstitusiyasının dəyişdirilməsi məsələsidir. Başqa bir məsələ BMT-nin mandat verdiyi ATƏT-in Minsk qrupunun tarixin arxivinə göndərilməsidir. Hələlik bu yöndə də müəyyən problemlər var”.
Qeyd edək ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön sözün tam razılaşdırıldığını bildirib.
Günəş Mərd
tag: Azərbaycan, Ermənistan ,Sülh, Saziş, ATƏT ,Minsk Qrupu, Natiq Miri ,todaypress.az,