Sülh masası Budapeştdə qurulacaq? - POLİTOLOQ RƏYİ
Təhlil
10.09.2024 17:55
“Macarıstan Ermənistan-Azərbaycan sülh müqaviləsinin Budapeştdə imzalanmasını təklif edərək öz vasitəçiliyini irəli sürməyib, sadəcə xoş niyyətini ifadə edib”.
Bunu, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Macarıstanın xarici işlər naziri Peter Siyartonun bu barədə təklifini TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu təklifin reallaşmasına Rusiyanın, hətta ABŞ-nin mane olması gözlənilmir:
“Artıq bir müddətdir ki, ikitərəfli danışıqlar davam edir. Sənəd iki tərəfin arasında razılaşdırılır. Bu müqavilənin hansı ölkənin ərazisində imzalanması heç bir əhəmiyyət kəsb etmir. Sazişin hansısa ölkə ərazisində imzalanmasına isə nəinki Rusiya, heç ABŞ-də qarışa bilməz”.
Tofiq Zülfüqarovun fikrincə, sülh sazişinin Budapeştdə imzalanmasında Macarıstanın istəyi bunu, Avropa İttifaqına sədrliyi dövründə həyata keçirilən müsbət addım kimi təqdim etməsidir. Analitik sülh müqaviləsi ilə bağlı səsləndirilən digər iddialara da diqqət çəkib:
“Bəziləri iddia edirlər ki, COP29 ərəfəsində Ermənistan tərəfi Bakıya gələcək və sülh müqaviləsi Bakıda imzalanacaq. Bu cür əsassız fikirlər çox səsləndirilir. Yekun müqavilənin harada imzalanacağını ancaq hadisələrin gedişatı müəyyən edəcək”.
Qeyd edək ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto “İrəvan dialoqu” forumu çərçivəsində İrəvanla Bakı arasındakı sülh müqaviləsinin Budapeştdə imzalanmasını təklif edib.
Günəş Mərd
tag: Macarıstan, Ermənistan, COP29, Avropa, Budapeşt, Bakı, Tofiq Zülfüqarov, todaypress.az,