Sülh danışıqlarına stimul: Yeni Əsasnamə nələr vəd edir? - ŞƏRH

Təhlil

30.08.2024 18:00

Azərbaycanla Ermənistan arasında komissiyaların birgə fəaliyyəti haqqında imzalanan Əsasnamə Azərbaycan-Ermənistan sülh danışıqlarında müsbət irəliləyişlər üçün perspektiv rolunu oynaya bilər”.  

Politoloq Tural İsmayılov bunu TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, Ermənistana sülhlə bağlı etdiyimiz çağırışlar fonunda  Ermənistan və havadarları dəfələrlə regionda vəziyyəti gərginləşdirən addım atmaqla Azərbaycanın çağırışlarını sabotaj ediblər: 

“Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan və Ermənistan dövlətdaxili prosedurların keçirilməsinə başlayıb. Ən azından sərhədlərin delimitasiyasından sonra artıq rəsmi müəyyənləşmiş sərhəd xətti Qazaxda mövcuddur. Eyni zamanda qarşıda bir çox hədəflər var. Ermənistan əvvəlcə öz konstitusiyasını dəyişməlidir. Həmçinin Ermənistanın Azərbaycan əleyhinə apardığı ritorika və təbliğat dayanmalıdır. Hesab edirəm ki, bütün bu hadisələrin fonunda imzalanmış sonuncu saziş ortadakı problemləri müəyyən qədər aradan qaldırmağa stimul verə bilər”. 

Analitikin qənaətincə, Ermənistanın havadarları və arxasında dayanan Fransa da daxil olmaqla bəlli güc mərkəzləri tərəflər arasında yeni Əsasnamənin imzalanmasından sonra  Ermənistanı Azərbaycan əleyhinə daha çox təhrik etməyə çalışacaqlar. Bundan sonra isə regionda yaranmış istənilən bir gərginlikdə Ermənistan günahkar olacaq:

“Ermənistan bundan sonra ən yaxşı halda sülh danışıqları ilə bağlı əldə edilən uğurlu nəticələrin qorunmasına çalışmalıdır”.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Bildirilib ki, bununla da Azərbaycan və Ermənistan dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Günəş Mərd

tag: Ermənistan, Azərbaycan, Komissiyası, Əsasnamə, Fransa ,todaypress.az,

photo