Ştaynmayerin Azərbaycana və Ermənistana səfərindən nələr gözlənilir? – PROQNOZ
“Almaniya prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderin Ermənistan və Azərbaycana səfəri təkcə Almaniya üçün deyil, həm də region üçün ciddi geosiyasi önəm kəsb edir. Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra Almaniya sülh prosesində aktiv rol oynamağa çalışır və Fransadan fərqli olaraq, balanslı mövqe sərgiləyir”.
Politoloq Vəli Əlibəyov bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, bu səfər həm rəsmi, həm də qeyri-rəsmi aspektlərə malikdir:
“Rəsmi baxımdan, Almaniya hər iki ölkə ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışır. Görüşlər zamanı regionda stabillik və təhlükəsizlik məsələlərinin, eləcə də Almaniyanın Azərbaycan və Ermənistanla mədəni və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı gözlənilir. Bunlar rəsmi səbəblər kimi görünən məqamlardır. Lakin bu səfərin əhəmiyyətini son hadisələr fonunda dəyərləndirdikdə, onun təkcə Almaniya üçün deyil, həm də region üçün ciddi geosiyasi önəm kəsb etdiyini görürük. Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra Almaniya sülh prosesində aktiv rol oynamağa çalışır və Fransadan fərqli olaraq, balanslı mövqe sərgiləyir. Ştaynmayerin hər iki ölkəyə eyni vaxtda səfəri də məhz bu siyasətin tərkib hissəsidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu səfər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı əsas məsələlərin razılaşdırılması barədə verilən bəyanatdan sonra baş tutur”.
Eyni zamanda ekspert Almaniyanın Avropa İttifaqının (Aİ) aparıcı üzvlərindən biri kimi regionda təsir imkanlarını artırmağa çalışdığından bəhs edib. O qeyd edib ki, Ştaynmayerin səfəri təkcə Almaniyanın deyil, ümumilikdə Aİ-nin Cənubi Qafqazdakı diplomatik mövqeyini gücləndirmək məqsədi daşıya bilər:
“Bu region indiyə qədər əsasən Rusiya və Türkiyənin nüfuz dairəsində olub. Lakin Avropa İttifaqı da burada söz sahibi olmaq niyyətindədir və Almaniya lider dövlətlərdən biri kimi bu siyasətin önündə gedir”.
V. Əlibəyov digər mühüm məqam kimi Avropanın enerji təhlükəsizliyindən söz açıb:
“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarük edir və regiondakı geosiyasi qeyri-sabitlik fonunda Aİ Azərbaycanla daha sıx əməkdaşlıq etməyə məcbur qalır. Almaniya və Aİ-nin bu səfər çərçivəsində Azərbaycanla enerji sahəsində yeni investisiya layihələrini, o cümlədən “yaşıl enerji” sektoruna sərmayələri müzakirə etməsi mümkündür. Donald Tramp ABŞ-də hakimiyyətə gələndən sonra Avropanın təhlükəsizliyi üçün daha az öhdəlik götürəcəyini bəyan etməsi Avropa dövlətlərini aktiv diplomatik siyasət yürütməyə məcbur edib. Avropa artıq öz təhlükəsizliyini özü təmin etmək zərurəti ilə üz-üzədir. Qafqaz isə Avropanın cənub-şərq sərhədində yerləşən və geostrateji baxımdan böyük əhəmiyyət daşıyan bir regiondur”.
Analitik hesab edir ki, Frank-Valter Ştaynmayerin səfəri, əslində, Aİ-nin sərhədlərində diplomatik fəaliyyətini artıraraq öz təhlükəsizlik konsepsiyasını formalaşdırmaq məqsədinə xidmət edir.
Qeyd edək ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender 30 mart - 2 aprel tarixlərində Ermənistan və Azərbaycana səfər edəcəklər. Bu Federal Prezidentin hər iki ölkəyə ilk səfəridir.
Qiymət Mahir
tag: Vəli Əlibəyov,Politoloq,Azərbaycan,Ermənistan,Almaniya,Todaypress.az,
