Sözdə sülh, əməldə silah: Ermənistan NƏ İSTƏYİR?
"Ermənistan rəhbərliyinin verdiyi bəyanatlarla ərazidəki real fəaliyyəti arasında ciddi uyğunsuzluq var".
Hərbi ekspert Ədalət Verdiyev bunu TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi sülh haqqında danışsa da, bu bəyanatlar yalnız formal xarakter daşıyır:
"Artıq beş ildir ki, fəaliyyətsiz olan ATƏT-in Minsk qrupundan rəsmi şəkildə imtina etməyən Ermənistan, eyni zamanda müstəqillik aktına və Konstitusiyasına da dəyişiklik etməyib. Bu isə onların səmimiyyətsizliyini açıq şəkildə göstərir".
Ədalət Verdiyevin sözlərinə görə, Ermənistan aktiv şəkildə silahlanma siyasəti yürüdür. Bu, sərhəddəki silahlı birləşmələrin davranışlarına da birbaşa təsir edir.
Ekspertin fikrincə, silahlanma onların daha cəsarətli davranmasına səbəb olur.
Hərçənd Ermənistan ordusunda intizamın aşağı səviyyədə olduğu aşkardır.
"Ermənistan tərəfi atəşkəsi mütəmadi olaraq pozur və bu, münaqişənin yenidən alovlanmasına təhrik kimi qiymətləndirilə bilər. Martın 15-dən bəri təxminən iki ay ərzində Ermənistan tərəfindən atəşkəs intensiv şəkildə pozulur. Bəzən bir gün ərzində bir neçə dəfə atəş açılır ki, bu da Azərbaycan əsgərinin həyat və sağlamlığına ciddi təhdid yaradır".
Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan bu təxribatlara baxmayaraq, təmkin nümayiş etdirir:
"Lakin Ermənistan bilməlidir ki, Azərbaycanın da səbrinin bir həddi var. Əgər bir əsgərimiz belə zərər görərsə, Ermənistan bunun bədəlini çox ağır ödəyəcək. Bəlkə də üçüncü dəfə kapitulyasiya aktı imzalamaq məcburiyyətində qalacaq".
Qeyd edək ki, mayın 10-da saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüblər.
Türkan İsgəndərli
tag: Ədalət Verdiyev,Ekspert,Ermənistan,Azərbaycan,Todaypress.az,
