Sinirlioğlunun İrəvan səfəri: Ermənistan fikrini dəyişir?
“ATƏT-in Baş katibi Firudin Sinirlioğlunun Ermənistana səfəri və dövlət rəhbərləri ilə görüşməsi ilk növbədə bu təşkilatın Azərbaycan-Ermənistan münaqişəsinin sonlandırılması ehtimallarının güclü olduğu bir dövrə təsadüf etməsi məqsədli xarakter daşıyır”.
Politoloq Azər Qasımov bunu TodayPress-ə danışarkən deyib.
O qeyd edib ki, Baş katibin türkiyəli olması bu səfərə xüsusi rəng qatır:
“Firudin bəyin bu münaqişənin həllində maraqları təbiidir. Ermənistan rəsmilərinə ATƏT çərçivəsində yaradılmış Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadığını yalnız belə diplomatlar inandıra bilər. Məsələ ondadır ki, Ermənistanın Türkiyə ilə əlaqələrin bərpası istiqamətində ümidləri fonunda onun fikirləri rəsmi İrəvan üçün önəmli xarakter daşıyır. Sinirlioğlunun Türkiyə adından verəcəyi sözlərə Ermənistanın böyük ehtiyacı var”.
Ekspert Ermənistanın Minsk qrupunun buraxılması məsələsinə ehtiyatla yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın təhlükəsizlik məsələsində qorxusu var:
“Ona görə də bilavasitə bu məsələyə aid olan təşkilatın buraxılmasını hələlik istəmir. Amma Sinirlioğlunun onlara verəcəyi bəzi sözlər Ermənistan rəhbərlərində təhlükəsizliklə bağlı müəyyən arxayınlıq yarada bilər ki, özlərini rahat hiss etsinlər. Hesab edirəm ki, Sinirlioğlunun bu səfəri ATƏT-in Minsk qrupunun buraxılması istiqamətində Ermənistan rəsmilərinin fikrini dəyişə biləcək. Tezliklə qrupun buraxılması istiqamətində addımlar atıla bilər”.
Qeyd edək ki, ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu Ermənistanın paytaxtı İrəvanda rəsmi görüşlər keçirib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşərək ATƏT-Ermənistan münasibətlərini və Bakı-İrəvan danışıqlarının mövcud vəziyyətini müzakirə edib.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Ermənistan,Sinirlioğlu,Todaypress.az,
