Sinirlioğlu Bakıda: Minsk qrupunun buraxılması müzakirə olunur?

Təhlil

25.04.2025 14:40

27

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul etməsi Azərbaycan və ATƏT arasındakı münasibətlərin inkişafı baxımında önəmlidir”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib.

O qeyd edib ki, təşkilatın zaman-zaman Azərbaycana qarşı qərəzli mövqeyinin şahidi olsaq da, Azərbaycan ATƏT-in fəaliyyətində yaxından iştirak edən ölkə olub:

“Ümumilikdə Azərbaycan hər zaman Avropa institutları ilə əməkdaşlıqda maraqlı olub. Ancaq çox təəssüflər olsun ki, qarşı tərəfdən eyni münasibəti görməmişik, daha çox ermənilərin mənafelərinə xidmət edən mövqeyin şahidi olmuşuq”. 

Ekspert ehtimal edir ki, Feridun Sinirlioğlunun Bakıya səfəri zamanı müzakirə ediləcək əsas məsələlər Azərbaycan-ATƏT münasibətləri və Minsk qrupunun buraxılması ilə bağlı olacaq: 

“Minsk məsələsini Azərbaycan dəfələrlə dilə gətirib. Azərbaycan və Ermənistan eyni vaxtda ATƏT-in Baş katibliyinə qurumun buraxılması ilə bağlı müraciət etməlidir. Ermənistan tərəfi məsələylə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir. Bunu Azərbaycanla danışıqlarda "bazarlıq" məsələsi kimi saxlamağa çalışırlar. Bu, sülh anlaşmasına da ciddi problemlər yarada bilər. Sinirlioğlu bu məsələdə Baş katib kimi mövqeyini orataya qoya bilər. O, qardaş Türkiyənin ən tanınmış diplomatlarından biridir və Azərbaycanı yaxşı tanıyır. Onun kimi təcrübəli diplomatın Bakıya səfəri və İlham Əliyevlə görüşməsi mühüm əhəmiyyət kəsb edir”.   

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib.

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,Sinirlioğlu,Bakı,Todaypress.az,

photo