“Simonyanın İtaliya parlamentinə dəvət olunması suallar doğurur” – POLİTOLOQ
“İtaliya bizim mühüm ticarət tərəfdaşımızdır, onu itirmək istəmirik, lakin beynəlxalq hüquqa hörmət etmək lazımdır”.
Politoloq İlyas Hüseynov bunu TodayPress-ə danışarkən deyib.
O bildirib ki, İtaliya Azərbaycan üçün mühüm tərəfdaşdır və bu əlaqələr xüsusilə Vətən müharibəsi dövründə özünü göstərib. İtaliya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə ciddi dəstək verib.
“İtaliya ilə enerji təhlükəsizliyi sahəsində də sıx əməkdaşlığımız var. Azərbaycanın neft və qaz ticarətində İtaliyanın birinci yerdə olması bunun bariz göstəricisidir. Bundan əlavə, müharibədən sonra Azərbaycan İtaliyanın hərbi sənayesi ilə də maraqlanıb və hərbi təyyarələr alıb.
Bununla belə İtaliya parlamentində “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnamənin qəbul edilməsi zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyanın iştirak etməsi suallar doğurur”.
Analitik hesab edir ki, əgər Alen Simonyan İtaliya Parlamentində iştirak edirdisə, Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarova da bu prosesdə iştirak etməli idi:
“Birtərəfli münasibət Fransa tərəfindən yönləndirilir və Emmanuel Makronun Azərbaycan əleyhinə fəaliyyətlərinin bir hissəsi kimi görünür. İtaliya Cənubi Qafqazda baş verən prosseslərə balanslı yanaşmalı və Azərbaycan tərəfinə izahat verməlidir.
Çünki sülhdə ən çox maraqlı olan tərəf Azərbaycandır. Vətən müharibəsindən sonra Azərbaycan Ermənistan tərəfinə 5 maddəlik baza prinsiplərini təqdim edib, hazırda isə 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi razılaşdırılıb. Bu, böyük irəliləyiş olsa da, qərəzli yanaşmalar sülh prosesinə mane ola bilər”.
Analitik sonda Azərbaycan və İtaliya arasında diplomatik məsləhətləşmələr aparılmalı olduğunu və rəsmi Romanın bu məsələyə aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.
Qiymət Mahir
tag: İtaliya,Azərbaycan,Siyasət,Ermənistan,Təhlil,todaypress.az,
