Sarkisyan Paşinyana qarşı: Ermənistanda revanşist qüvvələr yenidən fəallaşır?

Təhlil

19.04.2025 14:50

104

“Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın arxasında duran qüvvələr həm Ermənistana, həm də dolayı yolla Azərbaycana təsir göstərmək istəyir”. 

Politoloq Samir Hümbətov bunu Sarkisyanın növbəti seçkilərdə hazırkı Ermənistan hakimiyyətini devirməklə bağlı sözlərini TodayPress-ə şərh edərkən deyib. 

Onun sözlərinə görə, “Qarabağ klanı”nın keçmiş nümayəndərləri, istər Serj Sarkisyan, istər Robert Koçaryan, istərsə də digər üzvlər yalnız öz istəklərini və Ermənistan üzərində təsir qüvvəsi yaratmaq istəyən tərəflərin istəklərini diri tutmağa çalışır.

“Ermənistanın Baş naziri Nikol Paşinyan indi açıqlama verir ki, müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq. Amma Ermənistanın daxilində baş verənlər, həmçinin şərti sərhəddə təxribatların törədilməsi, Sarkisyanın açıqlamaları əslində, bir növ, Ermənistanın mövcud durumunun hansı yerdə olduğunu göstərir. Ona görə də Azərbaycan tərəfinin haqlı tələbləri var. Çünki Ermənistan bu gün sülh müqaviləsini imzalamaq istəsə də, heç bir zəmanət vermir ki, sabah hakimiyyət dəyişikliyi baş versə və Sarkisyan kimi biri hakimiyyətə gəlsə, nələr ola bilər. O, müqavilənin şərtlərinə əməl edəcəkmi? Qarabağdan imtina edəcəkmi? Bu məsələ hələ də tam həllini tapmayıb”. 

Analitik diqqətə çatdırıb ki, Azərbaycan bütün bu halları nəzərə alaraq məsələnin kökündən həll olmasını istəyir. 

“Serj Sarkisyan əslində, Qarabağ məsələsi ilə bağlı bir növ erməni cəmiyyətini manipulyasiya edir. Çünki bugün hakimiyyətdə Paşinyan varsa və hakimiyyəti 53% səslə qazanıbsa, bu deməkdir ki, cəmiyyətin yarıdan çoxu Paşinyan administrasiyasının fikirləri ilə getməyə üstünlük verir. Lakin Sarkisyanın verdiyi açıqlamalar olduqca risk daşıyır.  Bu çıxışlar Ermənistan daxilindəki yeni və əvvəlki ultramillətçi revanşist qüvvələri yenidən ruhlandırmağa hesablanmış ola bilər. Bu hal, Sarkisyanın arxasında duran qüvvələrin həm Ermənistana, həm də dolayı yolla Azərbaycana təsir və təzyiq etmə mesajı kimi də düşünülə bilər” deyə Samir Hümbətov nitqini yekunlaşdırıb. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh açıqlamalarına qarşı ölkənin keçmiş prezidenti Serj Sarkisyan kəskin mövqe ortaya qoyub. O bildirib ki, növbəti seçkilərdə hakimiyyəti devirməyi hədəfləyib.

Sabiq prezident yenidən Qarabağ məsələsindən istifadə edərək, ordudan, kilsədən və Qarabağı könüllü olaraq tərk etmiş ermənilərdən səs qazanmağı planlaşdırdığını açıqlayıb. 

Töhfə Səməd

tag: Samir Hümbətov,Politoloq,Azərbaycan,Ermənistan,Todaypress.az,

photo